https://innews.media/uploads/news/2026-03/_innews_73f2ad7b4283346b439b32475_o.jpg
Martın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Magistrant” dövri-elmi jurnalının 30-cu sayının çapdan çıxması münasibətilə tədbir təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, struktur bölmə rəhbərləri, jurnalın redaksiya heyətinin üzvləri, professor-müəllim heyəti, gənc tədqiqatçılar və magistrantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Cəfər Cəfərov ADPU-da elmi-tədqiqat fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektor ali təhsil müəssisəsində elmi potensialın gücləndirilməsi, magistrantların və gənc alimlərin tədqiqatlara cəlb olunması, onların elmi nəticələrinin nəşri və geniş elmi ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən danışıb. C.Cəfərov qeyd edib ki, elmi nəşrlər universitetin akademik nüfuzunun formalaşmasında, elmi məktəblərin inkişafında və beynəlxalq əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Rektor “Magistrant” jurnalının bu istiqamətdə mühüm platformaya çevrildiyini bildirərək, jurnalın 30-cu sayının işıq üzü görməsini əlamətdar hadisə kimi dəyərləndirib. Rektor redaksiya heyətini, müəllifləri və jurnalın ərsəyə gəlməsində əməyi olan hər kəsi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, “Magistrant” dövri-elmi jurnalının baş redaktoru professor Asəf Zamanov jurnalın yaranma tarixi və inkişaf mərhələləri barədə ətraflı məlumat verib. Bildirilib ki, “Magistrant” jurnalının ilk sayı 2021-ci ildə Ulu Öndərin doğum günündə nəşr olunub və həmin il jurnal iki nömrə ilə işıq üzü görüb. Qısa müddət ərzində jurnalın fəaliyyət dairəsi genişlənib və jurnal 2024-cü ildən 8 nömrədə nəşr edilib. Prorektor statistik göstəricilərə də diqqət çəkərək bildirib ki, 2021–2026-cı illər ərzində jurnalda ümumilikdə 1653 elmi məqalə dərc olunub. İllər üzrə dinamika artan xətt üzrə inkişaf edib: 2021-ci ildə 74, 2022-ci ildə 237, 2023-cü ildə 349, 2024-cü ildə 416, 2025-ci ildə 466, 2026-cı ildə isə artıq 111 məqalə nəşr olunub. Bu göstəricilər jurnalın qısa müddətdə ciddi elmi platformaya çevrildiyini və müəllif marağının ildən-ilə artdığını nümayiş etdirir. Qeyd olunub ki, beynəlxalq standart seriya nömrəsinə malik nəşrdə təkcə ADPU-nun magistrantları deyil, ölkənin müxtəlif ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, eləcə də xarici ölkə universitet və elmi qurumlarının magistrantlarının məqalələri dərc edilir. Statistik təhlillər göstərir ki, məqalələrin əhəmiyyətli hissəsi ADPU-nun payına düşsə də, digər universitetlərin – o cümlədən respublikanın aparıcı ali təhsil müəssisələrinin, eləcə də Türkiyə, Ukrayna və Qazaxıstan kimi ölkələrin universitetlərinin magistrantları da jurnalda aktiv təmsil olunurlar. Jurnalda məqalələr “Fizika-riyaziyyat və texniki elmləri”, “Təbiət elmləri”, “Humanitar və ictimai elmlər”, və “Pedaqoji-psixoloji elmlər” bölmələrində qruplaşdırılır. Bu isə “Magistrant” jurnalının həm respublika, həm də beynəlxalq elmi əməkdaşlıq baxımından açıq və inklüziv platforma olduğunu təsdiqləyir. Prorektor vurğulayıb ki, jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində məqalələr nəşr edilir və bu çoxdilli format onun beynəlxalq elmi ictimaiyyətə inteqrasiyasını gücləndirir. Professor Asəf Zamanov redaksiya heyətinə və müəlliflərə təşəkkürünü bildirərək, nəşrin keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi, beynəlxalq indekslərdə təmsilçiliyin artırılması və elmi standartların təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, ADNSU-nun kafedra müdiri professor Müsavər Musayev, professor İbrahim Bayramov, professor Əbülftət Pələngov və ADPU-nun magistrantı Aytac Abbaslı “Magistrant” jurnalının gənc tədqiqatçıların elmi yaradıcılığının stimullaşdırılmasında, onların ilk elmi addımlarının dəstəklənməsində və elmi nəticələrinin ictimailəşdirilməsində mühümrol oynadığını qeyd ediblər. Müzakirələr zamanı jurnalın gələcək inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları və elmi keyfiyyət standartlarının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.