https://innews.media/uploads/news/2026-03/_innews_fb758520a7963ea297e2d7943_o.jpg
7 mart tarixində Xətai Sənət Mərkəzində rəssam və modelyer-dizayner Lalə Cəbrayılovanın təşəbbüsü və təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz” adlı incəsənət sərgisi və moda nümayişi keçirilib.
Layihənin müəllifi və təşkilatçısı Lalə Cəbrayılova tərəfindən ərsəyə gətirilən bu tədbirin əsas məqsədi Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini incəsənət vasitəsilə təqdim etmək, yaradıcı insanlara dəstək göstərmək və milli irsin təbliğinə töhfə verməkdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış zamanı qeyd olunub ki, milli-mənəvi dəyərlər hər bir xalqın kimliyini formalaşdıran, onun tarixini və mədəniyyətini yaşadan ən mühüm amillərdəndir.
Tədbir çərçivəsində həm tanınmış, həm də gənc rəssamların milli mövzuda hazırladıqları rəsm əsərləri sərgilənib. Bununla yanaşı, modelyerlərin milli motivlərdən ilhamlanaraq hazırladıqları geyim kolleksiyalarının nümayişi keçirilib. Nümayiş olunan kolleksiyalar Azərbaycan mədəniyyətinin estetik xüsusiyyətlərini, milli ornamentləri və ənənəvi elementləri özündə əks etdirib.
Layihənin təşkilatçısı Lalə Cəbrayılova çıxışında belə tədbirlərin keçirilməsinin milli-mənəvi irsin qorunması və gənc istedadların tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Sərgidə təqdim olunan əsərlərin qiymətləndirilməsi üçün müstəqil münsiflər heyəti fəaliyyət göstərib.
Münsiflər heyətinin tərkibində Xətai Sənət Mərkəzinin direktor müavini Nəzakət Əvəzova, Turban Moda brendinin rəhbəri, modelyer Validə Hüseynova, rəssam Mina Məmmədova və Elm və Tədris Mərkəzinin direktoru Nuranə Fətullayeva yer alıblar.
Proqram çərçivəsində musiqi və rəqs nömrələri təqdim olunaraq tədbir iştirakçılarına xoş anlar yaşadılıb.
Sərgi çərçivəsində keçirilən müsabiqənin nəticələrinə əsasən rəssamlar iki yaş kateqoriyası üzrə qiymətləndirilib.
Böyük yaş kateqoriyası üzrə qaliblər:
I yer – Vahidova Leyla
II yer – Ayşən Qasımova
III yer – Babayeva Rəmziyyə
Kiçik yaş kateqoriyası üzrə qaliblər:
I yer – Orucova Mehrin
II yer – Bayramlı Yeganə
III yer – Əsnad Həşimova
Modelyerlər arasında keçirilən müsabiqənin nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdirilib:
I yer – Xəyalə Məsimova
II yer – Nuranə Həsənova
III yer – Naibə Mirzəliyeva
Sonda qaliblərə və bütün iştirakçılara sertifikatlar təqdim olunub. Təqdimat mərasimi tədbirin müəllifi və təşkilatçısı Lalə Cəbrayılovanın iştirakı ilə həyata keçirilib.
Tədbirin sonunda qeyd olunub ki, Lalə Cəbrayılovanın təşəbbüsü ilə təşkil edilən bu layihə milli-mənəvi dəyərlərin incəsənət vasitəsilə təbliği, yaradıcı insanların dəstəklənməsi və Azərbaycan mədəniyyətinin geniş auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.