logo
ADPU-da “Xocalı - qanımızdan keçən dirçəliş” adlı anım tədbiri keçirilib

ADPU-da “Xocalı - qanımızdan keçən dirçəliş” adlı anım tədbiri keçirilib

ADPU-da “Xocalı - qanımızdan keçən dirçəliş” adlı anım tədbiri keçirilib ADPU-da “Xocalı - qanımızdan keçən dirçəliş” adlı anım tədbiri keçirilib

Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş “Xocalı – qanımızdan keçən dirçəliş” adlı tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, ictimaiyyət nümayəndələri, tələbə və müəllim heyəti iştirak ediblər. Anım tədbirindən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin universitetdəki abidəsini və “Zəfər guşəsi”ni ziyarət edərək önlərinə gül dəstələri qoyub, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Ərazi Partiya Təşkilatının sədri dosent Sultanəli Qurbanov Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında sağalmaz yara olduğunu bildirib. O qeyd edib ki, 1992-ci ilin 26 fevralında baş vermiş bu qanlı hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. 

ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, Xocalı faciəsi xalqımızın mübarizə əzmini qıra bilməmiş, əksinə, milli birliyimizi daha da möhkəmləndirmişdir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycan xalqı uzun illər gözlədiyi ədalətə qovuşubVurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev-in rəhbərliyi ilə Azərbaycan Ordusu beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyümüzü bərpa edib, şəhidlərimizin qanı yerdə qalmayıb. Rektor çıxışında azad Xocalının bu gün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Xocalı artıq dirçələn, yenidən həyat qazanmış bir məkana çevrilir və bu, xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün göstəricisidir. Professor Cəfər Cəfərov gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu bildirərək vurğulayıb ki, tələbələr tarixi həqiqətləri dərindən bilməli, milli-mənəvi dəyərlərə sadiq olmalı, dövlətçilik ənənələrinə hörmət ruhunda formalaşmalıdırlar. 

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu rəhbərlik etdiyi qurumun həyata keçirdiyi maarifləndirici layihələr və beynəlxalq kampaniyalar barədə məlumat verib. O bildirib ki, informasiya müstəvisində aparılan mübarizə Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət daşıyır.

Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Vəsilə Mövsümova faciənin ən ağır nəticələrinin qadın və uşaqların taleyində əks olunduğunu vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə aparılan tədqiqatlar və sosial təşəbbüslər həm tarixi həqiqətlərin sənədləşdirilməsinə, həm də cəmiyyətin həssas təbəqələrinin müdafiəsinə xidmət edir.

Təkmül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin nümayəndəsi Arzu Hüseyn Xocalı soyqırımının beynəlxalq hüquq müstəvisində tanınmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, xarici ölkələrdə keçirilən tədbirlər və təqdimatlar həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Tədbirdə həmçinin Xocalı faciəsinin canlı şahidləri faciəvi hadisələri tədbir iştirakçıları ilə bölüşərək, həmin günlərin ağrı-acısını bir daha xatırladıblar. Qazilər və müharibə iştirakçıları isə bildiriblər ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər xalqımızın iradəsinin və birliyinin təntənəsidir. Onlar gənclərə səslənərək, tariximizi unutmamağın, dövlətə və Vətənə sədaqətli olmağın hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğulayıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin