https://innews.media/uploads/news/2026-02/_innews_70c72df59e1fc715284618dad_o.jpg
“APA Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının sədri Vüsalə Mahirqızı Azərbaycan Milli Elmlər Akademiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən “Medianın dili elmi müzakirə müstəvisində” konfransında çıxış edib.
O, Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli düşüncə modeli olduğunu söyləyib. Bildirib ki, təsadüfi deyil ki, İlham Əliyev çıxış və müsahibələrində Azərbaycan dilini milli kimliyimizin və dövlətçiliyimizin əsas atributu kimi dəyərləndirib, dilin saflığının qorunmasının vacibliyini vurğulayıb, xüsusilə dilə nəzarətsiz şəkildə xarici sözlərin daxil olmasına qarşı mövqeyini açıq ifadə edib.
Bu istiqamətdə əsas məsuliyyətin dilçi alimlərin üzərinə düşdüyünü deyən Vüsalə Mahirqızı qeyd edib ki, yeni sözlərin yaradılması, terminologiyanın formalaşdırılması və müzakirəyə çıxarılması birbaşa mütəxəssislərin işidir. Eyni zamanda, media nümayəndələri dilin qorunması və inkişafı naminə dilçi alimlərlə davamlı və sistemli əməkdaşlıq etməli, birgə fəaliyyət göstərməlidir.
AMEA tərəfindən Azərbaycan dilinin orfoqrafik, orfoepik, leksik və terminoloji lüğətlərinin hazırlandığını bildirən məruzəçi, bu lüğətlərin həm media, həm də geniş ictimaiyyət üçün elektronlaşdırılmasının, bu prosesdə rəqəmsal, eyni zamanda süni intellekt texnologiyalarından istifadənin vacibliyini önə çəkib.
O, xüsusilə orfoepik lüğətlərin, yəni sözlərin düzgün tələffüzünün elektronlaşdırılmasının önəmli olduğunu vurğulayıb: “Çünki ədəbi dilin normalarını pozan sözlər televiziya kanalları, radio və sosial şəbəkələr vasitəsilə geniş yayılır. İnanıram ki, elektron lüğətlər həm televiziya aparıcıları, həm də dilimizi yeni öyrənənlər üçün dəyərli vəsait olacaq”.
MŞ-nın Dil Komissiyasının sədri bildirib ki, Azərbaycan dili üzrə vahid məlumat bazasının yaradılması mürəkkəb və maliyyə tələb edən bir iş olsa da, bu istiqamətdə kompleks, ardıcıl tədbirlərin həyata keçirilməsi müasir dövrün tələbidir və son dərəcə aktualdır.
Vüsalə Mahirqızı hazırda onlayn mediada Azərbaycan dilində sözlərin düzgün yazılışını yoxlayan alətlərdən geniş istifadə olunduğunu söyləyib. Qeyd edib ki, ən effektiv köməkçi vasitə xəbər mətninin bir neçə saniyə ərzində İKT alətləri tərəfindən yoxlanılmasıdır. Lakin hazırda bu alətlər müasir dövrün tələblərinə cavab vermir və yenilənmiş dil qaydalarını nəzərə almır.
O, bu istiqamətdə AMEA-nın Dilçilik İnstitutunda zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu fəaliyyət Azərbaycan dilinin inkişafına mane olan problemlərin sürətli şəkildə aradan qaldırılmasına, eləcə də dilimizin yad təsirlərdən qorunması prosesinin daha sürətli və effektiv aparılmasına xidmət edəcək.