https://innews.media/uploads/news/2026-02/_innews_2e17f480350442fc357ea8e89_o.jpg
Fevralın 16-da Azərbaycan Dövlət Pedaqji Universitetində (ADPU) II tədris ili magistrantlarının elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat (idarəetmə) təcrübələrinin başlamasına həsr olunmuş konfrans keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və magistrantlar iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov magistratura səviyyəsinə artan maraq və peşəkar kadr hazırlığı istiqamətində görülən işlər barədə söz açaraq qeyd edib ki, son illər peşakar kadr hazırlığı prosesində artan tələbatla bağlı olaraq ADPU-da magistratura səviyyəsi üzrə ixtisaslaşmaların sayı və qəbul planı ardıcıl şəkildə artırılıb. 2021–2022-ci tədris ilində magistrantların ümumi sayı 700-ə yaxın olduğu halda, 2024-cü ildə bu rəqəm 900-ü keçib. 2025–2026-cı tədris ilində isə universitetdə ümumilikdə 1012 magistrant təhsil alır. Mövcud magistrantların sayı və növbəti il üçün qəbul planı nəzərə alınarsa, gələn tədris ilində magistrantların sayının 1100 nəfərdən çox olacağı proqnozlaşdırılır. Rektor vurğulayıb ki, 2025–2026-cı tədris ilindən etibarən magistratura səviyyəsində bütün ixtisaslaşmalar üzrə tamamilə yeni təhsil proqramları və yenilənmiş tədris planları tətbiq edilir. Bu yeniliklər müasir əmək bazarının tələblərinə cavab verən, analitik düşüncəyə və idarəetmə bacarıqlarına malik peşəkar kadrların hazırlanmasına xidmət edir. Qeyd olunub ki, 105 illik ənənəyə malik ADPU klassik pedaqoji dəyərlərlə yanaşı, innovativ yanaşmaları da tətbiq edir. Corc Vaşinqton universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı tələbələrə beynəlxalq təcrübə qazanmaq imkanı yaradır. İndiyədək proqram üzrə 120-yə yaxın məzun olub, hazırda isə 26 nəfər təhsil alır. Rektor əlavə edib ki, 2021-ci ildən etibarən təhsilin təşkili və idarə olunması, təhsilin marketinqi, ali təhsilin idarə olunması, təlim və tədrisin təşkili və idarə olunması, eləcə də ümumi idarəetmə istiqamətlərində magistr hazırlığı aparılır. Bu ixtisaslaşmalar, o cümlədən ikili diplom və SABAH proqramları üzrə hazırda 429 nəfər təhsil alır ki, bu da ümumi magistrantların 42,4 faizini təşkil edir. Bu göstərici idarəetmə və təhsil liderliyi sahələrinə marağın artdığını nümayiş etdirir. Sonda rektor magistrantlara uğurlar arzulayaraq, magistrantlara elmi araşdırmalara daha fəal yanaşmağı, beynəlxalq elmi bazalardan istifadə etməyi, praktik təcrübə dövründə təşəbbüskar olmağı və fərdi inkişaf üzərində sistemli şəkildə çalışmağı tövsiyə edib.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov magistratura səviyyəsində aparılan islahatlar, MBA proqramlarının yaradılması və magistrantların elmi fəaliyyətinin təşkili ilə bağlı ətraflı məlumat verib. Prorektor bildirib ki, son illər ADPU-da magistr hazırlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Təhsilin təşkili və idarə olunması, ali təhsilin idarə edilməsi, təhsil üzrə marketinq, təlim və tədrisin təşkili və metodikası istiqamətlərində yeni məzmunlu ixtisaslaşmalar açılıb ki, bu ixtisaslaşmalar müasir təhsil idarəçiliyi və akademik liderlik sahəsində peşəkar kadrların hazırlanmasına xidmət edir. Asəf Zamanov magistrantların təcrübə prosesi barədə məlumat verib. Bildirilib ki, II tədris ilində təhsil alan 463 magistrant elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat (idarəetmə) təcrübələrində iştirak edəcək. Onlardan 295 nəfər ənənəvi ixtisaslaşmalar, 95 nəfər MBA proqramı, 73 nəfər isə SABAH proqramı üzrə təhsil alır. Prorektorun vurğulayıb ki, elmi-tədqiqat təcrübəsinin əsas məqsədi magistrantların dissertasiya mövzusu üzrə araşdırma aparmaq bacarıqlarını inkişaf etdirmək, müasir elmi nailiyyətlərlə tanış etmək və müstəqil elmi fəaliyyətə hazırlamaqdır. Bu çərçivədə magistrantlar elmi-biblioqrafik axtarış aparır, mənbələri təhlil edir, elmi seminar və müzakirələrdə iştirak edir, tezis və məqalələr hazırlayırlar. Elmi-pedaqoji təcrübə isə ali məktəb müəllimi kimi formalaşma, mühazirə və seminarların planlaşdırılması, yeni təlim texnologiyalarının tətbiqi, pedaqoji etika və ustalıq bacarıqlarının inkişafına yönəlib. Magistrantlar təcrübə müddətində ən azı 5 sınaq dərsi keçməli, dərs planları hazırlamalı və pedaqoji təhlillər aparmalıdırlar. İstehsalat (idarəetmə) təcrübəsinin məqsədi isə əldə olunan nəzəri biliklərin real idarəetmə mühitində praktik bacarıqlarla möhkəmləndirilməsidir. Təcrübə rəhbərləri magistrantlara fərdi tapşırıqlar verir, davamiyyətə nəzarət edir və yekun hesabatların hazırlanmasına rəhbərlik edirlər.
Daha sonra Magistratura və doktorantura şöbəsinin müdiri s.e.ü.f.d Rəşad Sadıqov Rəşad Sadıqov 2025-2026-cı tədris ilinin yaz semestrində təşkil olunacaq təcrübələrin məzmunu, təşkili mexanizmi və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verib. O, qeyd edib ki, elmi-tədqiqat təcrübəsi ixtisaslaşmadan asılı olaraq fevral–mart aylarında 4 həftə və ya fevral–aprel aylarında 8 həftə müddətində keçiriləcək. Elmi-pedaqoji təcrübə isə aprel ayında 4 həftə davam edəcək. İstehsalat (idarəetmə) təcrübəsi fevral–mart və ya aprel aylarında 4 həftə təşkil olunacaq. Sonda Rəşad Sadıqov magistrantların suallarını cavablandırıb.
Konfrans çıxış və müzakirələrlə davam edib.