https://innews.media/uploads/news/2026-02/_innews_3f545a8eb84b51060820d8209_o.jpg
Fevralın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Əli Hüseynli gündəliyə “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” və bəzi qanunlarda dəyişiklik edilməsi barədə bir sıra qanun layihələrinin daxil edildiyini söyləyib.
Komitə sədri, əvvəlcə, “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” qanun layihəsini təqdim edib. O, Azərbaycanın hər zaman beynəlxalq hüquqa, öz üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu vurğulayıb, İnsan orqanlarının alverinə qarşı Konvensiyaya qoşulmağın ali məqsədlərimizdən irəli gəldiyini bildirib.
Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, bu sahədə müəyyən əməllərin kriminallaşdırılmasının təmin edilməsi, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Komitənin üzvü Nizami Səfərov məsələ barədə fikirlərini açıqlayaraq Azərbaycan Respublikasının bu Konvensiyaya xüsusi bəyanatla qoşulduğunu qeyd edib. Nəzərə çatdırılıb ki, bu, Ermənistanla münasibətlərin normallaşana qədər Konvensiyanın müddəalarının Ermənistanla münasibətdə tətbiq olunmaması ilə əlaqədardır.
Sonra Əli Hüseynli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, layihə müvafiq Qanunla elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və ya pərakəndə satışı və ya istifadəsinin qadağan edilməsindən irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.
Sənədə əsasən, qeyd olunan əməllər inzibati xəta hesab edilərək İnzibati Xətalar Məcəlləsinə “Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılması” adlı yeni 212-1-ci maddə əlavə edilir.
Yeni maddədə qanunvericilikdə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərdən istifadə ilə bağlı cərimələrin tətbiqi, habelə elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılması halında inzibati xətanın bilavasitə obyekti olmuş malların müsadirə edilməsi və cərimələrin tətbiq olunması nəzərdə tutulur.
Məsələ barədə komitə üzvləri Kamran Bayramov və Azay Quliyev öz fikir və qeydlərini bölüşüblər.
Sonra komitə sədri Əli Hüseynli “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumatı diqqətə çatdırıb. O, qeyd edib ki, layihə yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Sənəddə “avtomagistral” anlayışı yeni redaksiyada təqdim edilir. Həmçinin ödənişli avtomagistrallarda sürət həddinin tənzimlənməsi ilə əlaqədar bir sıra dəyişikliklər nəzərdə tutulur. Belə ki, yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur. Bununla yanaşı, layihədə nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın mühafizə olunan duracağına aparılması ilə bağlı məsələlər öz əksini tapıb.
Onlayn iclasda, habelə Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (ikinci oxunuş) müzakirəyə çıxarılıb.
Layihədə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsindən irəli gələrək uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarında müvafiq dəyişikliklər ehtiva olunur.
Bununla yanaşı, komitə üzvləri Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda nəzərdən keçiriblər.
Layihə ölkəmizin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır. Sənəddə emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması, izlənməsi sahəsində dövlət nəzarəti mexanizminin yaradılması, habelə idxal və ixracla əlaqədar müəyyən olunacaq mexanizmin pozulmasına görə inzibati məsuliyyətlə bağlı məsələlər tənzimlənir.
Məsələlərin müzakirəsi zamanı komitənin sədr müavini Elşən Musayev, üzvü Bəhruz Məhərrəmov öz fikirlərini bildiriblər.
Onlayn iclasın gündəliyində olan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Tədbirdə komitənin üzvləri Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Fəzail İbrahimli, Mübariz Qurbanlı, Erkin Qədirli, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.