https://innews.media/uploads/news/2026-02/_innews_0d00be8f3c9916bd2a496b2b6_o.jpg
Azərbaycan kinosunda sosial-psixoloji mövzulara toxunan yeni film layihəsi “Qutu” tamaşaçıların diqqətinə təqdim olunmağa hazırlaşır. Film Ocaq Production tərəfindən istehsal olunub.
Layihənin rejissoru və baş rol ifaçısı Kənan Tağızadə, baş prodüseri Taleh Xanlar, quruluşçu operatoru isə Aydın Quliyevdir.
“Qutu” filmi özünə qapanıq bir gəncin həyatla apardığı acımasız və səssiz mübarizədən bəhs edir. Ekran əsərində gəncin uşaqlıq illərindən etibarən cəmiyyət tərəfindən necə kənara itələndiyi, dost çevrəsindən uzaqlaşması və sosial təcridə məruz qalması realist və emosional dillə göstərilir. Film, insan psixologiyasına təsir edən tənhalıq, anlaşılmamaq və qəbul edilməmək kimi problemləri ön plana çıxarır.
Minimalist yanaşma, qaranlıq vizual üslub və güclü dramatik atmosferlə seçilən “Qutu”, xüsusilə gənclərin daxili dünyasına güzgü tutmağı hədəfləyir. Layihə cəmiyyətin görməzlikdən gəldiyi səssiz hekayələrə diqqət çəkməklə sosial mesaj verməyi qarşısına məqsəd qoyur.
“Qutu” yaxın zamanda tamaşaçılarla görüşəcək və müasir Azərbaycan kinosunda psixoloji dram janrında özünəməxsus yer tutacağı gözlənilir.