logo
Deputat Emin Hacıyev Bakı Sumqayıt yolunda yaranan tıxacların həlli ilə bağlı Milli Məclisin Plenar iclasında təklif verdi

Deputat Emin Hacıyev Bakı Sumqayıt yolunda yaranan tıxacların həlli ilə bağlı Milli Məclisin Plenar iclasında təklif verdi

Deputat Emin Hacıyev Bakı Sumqayıt yolunda yaranan tıxacların həlli ilə bağlı Milli Məclisin Plenar iclasında təklif verdi Deputat Emin Hacıyev Bakı Sumqayıt yolunda yaranan tıxacların həlli ilə bağlı Milli Məclisin Plenar iclasında təklif verdi

Hörmətli xanım sədr, hörmətli deputatlar, 
barəsində danışmaq istədiyim qanun layihəsi gündəliyin 10-cu məsələsidir. Avtomobil yolları haqqında qanun layihəsi. Bu qanun layihəsinə edilən dəyişikliklər hesab edirəm ki, ölkəmizdə geniş vüsət almış islahatların müsbət nəticəsi deputat seçildiyim Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında da özünü göstərir. Lakin yeni imkanların özü də yeni çağırışlar doğurur və bütün bunlar insanlarımızın daha rahat şəraitdə yaşamasını hədəfləyir.

Məlum olduğu kimi, Abşeronda urbanizasiyanın yüksək səviyyəsi nəticəsində Sumqayıt şəhəri az qala Bakıya birləşib. Nəzərə alaq ki, Sumqayıtın məşğul sakinlərinin böyük bir hissəsi Bakıda çalışır. Bunun nəticəsidir ki, artıq nəinki pik saatlarda, hətta günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda böyük tıxaclar müşayiət olunur. İnsanlar günün mühüm hissəsini yollarda qalırlar. Hesab edirəm ki, bu problemin səbəblərini təhlil etsək görərik ki, məsələ təkcə yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən, yəni nəqliyyat vasitələrinin çoxluğundan qaynaqlanmır. Bu baxımdan bizim ölkəmiz adambaşına düşən nəqliyyat vasitələrinə görə ən öncül sıralarda da deyil. Mənim fikrimcə, bu sıxlığı tənzimləmək üçün bir sıra məsələlərə diqqət yetirmək lazımdır.

Təklifim nədən ibarətdir? Hesab edirəm ki, Abşeronda sərnişindaşımaya yanaşmada vahid prinsiplər tətbiq olunmalıdır. Məsələn, Sumqayıt-Bakı arasında ictimai nəqliyyatın Avtovağzaldan-Avtovağzala prinsipi ilə işləməsindən imtina oluna bilər. Hazırkı halda kimsə Sumqayıtın bir mikrorayonunda qalırsa, o, Sumqayıt avtovağzalına gəlməli, oradan avtobusla Bakı avtovağzalına gəlməli və əlavə olaraq daha iki marşrutla mənzil başına çatmalıdır. Nəticədə bu vaxt və vəsait itkisi deməkdir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi avtomobilə malik olmağı stimullaşdırır. Mən hesab edirəm ki, Sumqayıtın istənilən mikrorayonundan Bakının müxtəlif nöqtələrinə, məsələn BDU-nun, UNEC-in yaxınlığına, Dəmiryol vağzalına marşrutlar təşkil olunsa, bu sıxlığın aradan qalxmasına nəinki böyük töhfə verər, həm də insanların rahatlığına səbəb olar. Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq edilə, bundan xüsusilə tələbələr yararlana bilər. Bakı-Sumqayıt elektrik qatarında vaqonların sayının artırılması və intervalın azaldılması da həmin yoldakı sıxlığın aradan qalxmasına kömək edər. Daha bir təklifim ictimai nəqliyyatın dünya təcrübəsində, o cümlədən qardaş Türkiyədə geniş tətbiq olunan növlərinin – ekspress avtobusların ölkəmizdə tətbiqi ola bilər. Bu da taksi və şəxsi avtomobilə ehtiyacı azalda bilər. İnsanlar nisbətən daha artıq ödənişlə daha sürətli və keyfiyyətli xidmətlərdən yararlana bilər.

Ümid edirəm ki, Nazirlər Kabinetinin yenidən təşkil olunmuş Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası Bakı-Sumqayıt yolunda nəqliyyatın tənzimlənməsinə xüsusi diqqət ayıracaq.

Hörmətli xanım sədr, icazənizlə Sumqayıt şəhəri üçün digər vacib məsələni səsləndirmək istəyirəm.

Qarşıdan qış mövsümü gəlir. Qaldırmaq istədiyim məsələ də istilik təchizatı ilə bağlıdır. Təəssüf ki, bu məsələ hələ də Sumqayıtda tam həllini tapmayıb. 2021 və 2022-ci illərin Dövlət büdcəsinin müzakirəsi zamanı da Sumqayıt şəhərinin istilik təchizatı sisteminin yenidən qurulmasına maliyyə ayrılması ilə bağlı hökumətə müraciət ünvanlamışdım. Seçicilərimizdən bizə daxil olan çoxsaylı müraciətlərə əsasən bu gün də bu aktual məsələni təkrar səsləndirmək istəyirəm. İnsanlar yenə də evlərini isitmək üçün yollar axtarırlar. Əlbəttə burada təkcə problem o deyil ki, binaların istilik təchizatı sistemi yoxdur, eyni zamanda ondan da daha ciddi məsələ istiliyin normal və davamlı verilməməsidir, yəni keyfiyyət problemidir. Bunu da aradan qaldırmaq üçün bu sahədə institusional dəyişikliklərə ehtiyac var. Buraya rəqabətli xidmətin təmin edilməsi, özəl investorların cəlbi, gəlirlilik və rentabellilik məsələsinin həlli aid edilə bilər. Belə olarsa, insanlarımızı daha keyfiyyətli istiliklə təchiz edə bilərik.

Diqqətinizə görə sağ olun.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media