https://innews.media/uploads/news/2026-02/_innews_b9d70c2137d995558316b10ca_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 27 Mart Elm Günü münasibətilə ADPU və onun filiallarında pedaqoji fəaliyyət göstərən, yaşı 35-ə qədər olan gənclər arasında “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsini elan edir.
Müsabiqənin əsas məqsədi 2025-ci il ərzində səmərəli elmi-pedaqoji fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda elmi məqalələri dərc edilmiş, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və digər elmi əsərləri olan, eyni zamanda ADPU-nun və filiallarının ictimai-siyasi həyatında fəallığı ilə fərqlənmiş perspektivli gənclərin müəyyənləşdirilməsi və mükafatlandırılmasıdır.
Müsabiqədə 2 nominasiya – “Riyaziyyat və təbiət elmləri” və “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyaları üzrə qaliblər müəyyənləşdirilərək diplom və pul mükafatı ilə mükafatlandırılacaqlar.
Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
“Riyaziyyat və təbiət elmləri” kateqoriyası üzrə
I yer – 350 manat
II yer – 250 manat
III yer – 150 manat
“Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyası üzrə:
I yer – 350 manat
II yer – 250 manat
III yer – 150 manat
Müsabiqəyə təqdim olunan sənədlər ADPU Elmi Şurasının nəzdindəki Elm Komissiyası tərəfindən aşağıda göstərilən meyarlar üzrə qiymətləndiriləcək:
- Çap olunmuş elmi əsərlər ( elmi məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti və s.);
- Dissertasiya işinin müdafiəsi (avtoreferat və ya diplomun surəti);
- 2025-ci ildə topladığı reytinq balı (Keyfiyyətin təminatı şöbəsi tərəfindən təsdiqlənmiş arayış əsasında);
- Elmin populyarlaşdırılması istiqamətində fəaliyyət, müxtəlif yığıncaqlarda, konfrans və dəyirmi masalarda, ictimaiyyətlə görüşlərdə elmi çıxışlar, TV, radio, KİV-lərdə müsahibələr, məqalələr (iştirakı təsdiqləyən material və ya link göstərilməklə)
- Respublika və beynəlxalq səviyyəli elmi konfranslarda iştirak;
- Nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələr;
- ADPU-nun ictimai həyatında fəallığı, təlimlərdə iştirakı, elmi-təşkilati və pedaqoji fəaliyyət;
- Digər uğurlar.
Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər kağız daşıyıcılarda 2 mart 2026-ci il saat 17:00-dək ADPU-nun Əqli mülkiyyətin qorunması şöbəsinin mütəxəssisi Nərmin Cümşüdovaya (Əsas tədris binası, 261-ci otaq) təqdim edilməlidir.
Əlavə məlumat: +994124930585
ADPU-nun Elm və innovasiyalar üzrə prorektorluğu