logo
Tural Hüseynov: “Səhnəyə qayıdışım bir seçim yox, məsuliyyət idi”

Tural Hüseynov: “Səhnəyə qayıdışım bir seçim yox, məsuliyyət idi”

Tural Hüseynov: “Səhnəyə qayıdışım bir seçim yox, məsuliyyət idi” Tural Hüseynov: “Səhnəyə qayıdışım bir seçim yox, məsuliyyət idi”

– Tural bəy, musiqi yolunuz çox erkən yaşlardan başlayıb. Bu yolun ilk addımları necə atıldı?

– Musiqi həyatım uşaqlıq illərimə dayanır. İlk nailiyyətim 1992–1993-cü illərdə “Cücələrim” ansamblında fəaliyyətimlə başlayıb. Həmin illər musiqiyə olan sevgimin formalaşdığı, səhnə ilə ilk tanışlığımın baş verdiyi dövr idi.

– Daha sonra hansı layihələrdə iştirak etmisiniz?

– “7–17” və “Ümid” (1996–1997) layihələrinin iştirakçısı olmuşam. Bu layihələr mənim üçün həm təcrübə, həm də səhnə mədəniyyətinin formalaşması baxımından çox önəmli idi.

– Peşəkar musiqi təhsiliniz barədə nə deyə bilərsiniz?

– Bülbül adına Musiqi Məktəbini bitirmişəm. Bundan əlavə, Azərbaycan musiqisinin korifey sənətkarlarından biri, respublikamızın Xalq artisti Elibaba Məmmədovun tələbəsi olmuşam. Onun məktəbi mənim musiqi düşüncəmin formalaşmasında böyük rol oynayıb.

– Uzun illər aktiv səhnə fəaliyyətiniz olub...

– Bəli, 2017-ci ilə qədər musiqi fəaliyyətimi davam etdirmişəm. Bu illər ərzində Azərbaycanın ən seçilən məkanlarında səhnə almışam, tamaşaçı ilə canlı təmasda olmuşam.

– 2017-ci ildən sonra musiqidə fasilə verdiniz. Bunun səbəbi nə idi?

– Həmin dövrdə məşğul olduğum bizneslə əlaqədar qardaş ölkə Türkiyəyə köçmək qərarı aldım. Təxminən 7–8 il Türkiyədə yaşadım. Amma musiqiyə olan sevgi və bağlılıq məni heç vaxt tərk etmədi.

– Səhnəyə qayıtmaq qərarı necə yarandı?

– Uzun illər kənardan bir tamaşaçı kimi izlədim. Musiqi anlayışı olmayan insanların səhnəni və bəzi efirləri zəbt etdiyini gördüm. Bu mənə çox təsir etdi. O an anladım ki, səhnəyə qayıtmalıyam və Azərbaycan musiqisini layiqincə təmsil etməliyəm. Bu, artıq bir istək yox, məsuliyyət idi.

– İlk təqdim etdiyiniz iş “Yanımda Qal” oldu. Bu layihə haqqında nə deyə bilərsiniz?

– “Yanımda Qal” mənim səhnəyə dönüşümün ilk addımıdır. Musiqinin bəstəkarı Fərid Kərimli, sözləri isə Tural Xaniyə məxsusdur. Mahnı və klip artıq sosial şəbəkələrdə yayımlanıb və çox gözəl reaksiyalar alır.

– Gələcək planlarınız nələrdir?

– Yeni layihələr üzərində çalışırıq. Məqsədim keyfiyyətli, dəyərli musiqi ilə tamaşaçıların zövqünü oxşamaq və Azərbaycan musiqisini düzgün şəkildə təqdim etməkdir. Bu yolda davamlı olacağam.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin