https://innews.media/uploads/news/2026-02/_innews_e4b31ed0713383bffc649b666_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə fəal tələbələrlə səhər yeməyi süfrəsi ətrafında görüş təşkil olunub.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, ümumi işlər üzrə prorektoru Tural Cəlilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Komitənin Mədəni-kütləvi və idman işləri şöbəsinin müdiri Elnur Sadıqov, ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev və THİK-nın üzvü olan 50 nəfər ictimai fəal tələbə iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADPU THİK-nın sədri Cəmilə Qurbanova tələbə-gənclərk 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, tədbirdə iştirak edən universitet rəhbərliyinə və qonaqlara təşəkkürünü bildirib.
Daha sonra çıxış edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov tələbələri əlamətdar gün münasibətilə təbrik edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilən Azərbaycan Gəncləri Günü gənclərin gələcəyinə istiqamət verən mühüm addımlardan biridir. Rektor vurğulayıb ki, bu xüsusi günün qeyd olunması, həmçinin Prezident İlham Əliyev tərəfindən təsis edilmiş hər il verilən "Gənclər üçün Prezident Mükafatı" gənclərimizin daha vətənpərvərlik ruhda yetişmələri, onların elm, təhsil, mədəni, idman və beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmələrinə əlavə stimul yaradır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışında gəncləri bayram münasibətilə təbrik edib, ETİHİ RK-nın fəaliyyət istiqamətlərində gənclərin rolundan və onlara yönəlmiş dəstək layihələrindən bəhs edib.
Tədbir çərçivəsində ADPU THİK-nın bir neçə fəal üzvünə rektor prof. Cəfər Cəfərov və Mirzə Cəfərzadə tərəfindən təşəkkürnamə verilib.
Daha sonra ADPU THİK-nın fəalları - karate üzrə dünya və Avropa çempionu Fatimə Cəbrayılzadə, yunan-roma güləşi üzrə dünya kubokunun sahibi Əyyub Əliyev, “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünüb qaliblərindən Nigar Xəlil çıxış edərək əldə etdikləri nailiyyətlər və fəaliyyətləri barədə məlumat veriblər.
Tələbələrlə səmimi söhbət şəraitində davam edin görüşün sonunda xatirə fotosu çəkilib.