logo
Dr.Ş.Əlirzayeva: “Şəkərli diabet həyat tərzidir”, - deyib ondan yan keçmək olmaz”

Dr.Ş.Əlirzayeva: “Şəkərli diabet həyat tərzidir”, - deyib ondan yan keçmək olmaz”

Dr.Ş.Əlirzayeva: “Şəkərli diabet həyat tərzidir”, - deyib ondan yan keçmək olmaz” Dr.Ş.Əlirzayeva: “Şəkərli diabet həyat tərzidir”, - deyib ondan yan keçmək olmaz”

Son onilliklərdə endokrinoloji xəstəliklərin, xüsusilə də şəkərli diabetin geniş yayılması bütün dünyada sürətlə artmaqdadır. Səbəblər müxtəlif olsa da, artımın əsas səbəbi artıq çəki və piylənmə olan insanların sayının artması, həmçinin fiziki aktivliyin az olmasıdır.

Beynəlxalq Diabet Federasiyasının (İDF) məlumatına görə hazırda dünyada təxminən 537 milyon insan şəkərli diabet ilə yaşayır. 2045-ci ilə qədər diabeti olan insanların sayının 700 milyona çatacağı proqnoz edilir (IDF Diabetes Atlas | 10th edition).

Bugünkü söhbtimiz endokrin xəstəliklər arasında ən çox yayılmış şəkərli diabet haqqındadır. Müsahibimiz Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr.Şəbnəm Əlirazyevadır.

- Şəbnəm həkim, müasir dövrdə ən sürətlə artan endokrin xəstəliklər hansılardır və bunun əsas səbəbləri nədir?

- Müasir dövrümüzdə endokrin xəstəliklər həm cavanlaşıb, həm də sürətlə artmaqdadır. Bu xəstəliklər arasında II tip şəkərli diabet dünyada və regionumuzda ən sürətlə yayılandır. II tip şəkərli diabetdən sonra sırada qalxanabənzər vəzi xəstəlikləri – hipotireoz, autoimmun tireoidit (Haşimoto xəstəliyi), düyünlü zob, sonra metabolik problemlərlə sıx bağlı olan piylənmə (obezite), xüsusilə qadınlarda reproduktiv yaşda geniş yayılan polikistik yumurtalıq sindromu (PCOS) və diabet, daha sonra hipertoniya və ürək-damar xəstəliklərinin əsas risk faktoru olan metabolik sindrom.

Bu xəstəliklərin yaranmasının əsas səbəbi düzgün olmayan qidalanma, oturaq həyat tərzi, piylənmə, insanların fiziki aktivliyinin xeyli azalması, zərərli vərdişlərdir.

- Şəkərli diabet və onun insan orqanizminə təsiri haqqında bir qədər məlumat verməyinizi xahiş edirik.

- Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Bu xəstəlik qan şəkərini parçalayan və mədəaltı vəzdə sintez olunan insulin hormonuna qarşı yaranmış rezidentlik, insulin çatışmazlığı və ya heç olmaması nəticəsində baş verir. Normalda venoz qanda aclıq qan şəkərinin üst səviyyəsi 100 mq/dl, toxluq qan şəkərinin üst səviyyəsi isə 140 mq/dl-dir. Yəni, şəkərli diabet – orqanizm tərəfindən yaradılan insulinin kifayət qədər olmaması və ya onun təsir effektinin pozulması nəticəsində meydana çıxan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki endokrin xəstəlikdir. Bu xəstəliyin əsas xüsusiyyətlərindən biri odur ki, erkən mərhələdə özünü göstərmir, orqanizmdə gizli gedir. Onu adətən qanın və sidiyin ümumi analizində müəyyən edirlər.

“Şəkərli diabet həyat tərzidir”, - deyib ondan yan keçmək olmaz. Müalicə almadan ağır fəsadlara məruz qalmaq mümkündür. Şəkərli diabet ağır və xroniki xəstəlikdir. Hər il diabetdən bir milyondan çox adam həyatını itirir və bu xəstəliyə hamı tutula bilər. Diabet ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər. Risklərə baxmayaraq, diabeti olan xəstələrin təxminən yarısı bundan xəbərsizdir. Lakin həyat tərzini dəyişməklə bir çox hallarda xəstəliyin qarşısını almaq olar.

- II tip şəkərli diabetin əlamətləri hansılardır?

- II tip şəkərli diabetin əlamətləri xəstənin ümumi sağlamlığı ilə bağlı olaraq dəyişə bilir. Bəzən elə olur ki, erkən mərhələdə xəstədə heç bir əlamət özünü göstərmir. Ümumilikdə demək olar ki, II tip şəkərli diabetin daha çox müşahidə olunan əlamətləri həddən artıq susuzluq, tez-tez sidiyə çıxma, daimi aclıq hissi, çəkinin səbəbsiz itirilməsi, yorğunluq və halsızlıq, görmədə bulanıqlıq, əllərin və ya ayaqların dərisində keyləşmə və qarışqa gəzməsi hissi, tez-tez infeksiyalara tutulma və s.-dir.

- Şəkərli diabetin “səssiz” gedişatı nə ilə təhlükəlidir və erkən mərhələdə şəkərli diabetin aşkarlanması üçün hansı əlamətlərə və müayinələrə diqqət yetirilməlidir?

- Erkən mərhələ dedikdə, prediabet nəzərdə tutulur. Prediabet - sağlam bədən və diabet arasında bir sərhəddir. Bu dövrdə diabet “səssiz” olaraq xəstənin həyatına daxil olur və bütün orqanlara gizli təsir göstərməyə başlayır. Prediabet aşkarlanan insanlar 2-ci tip şəkərli diabet riski altındadır. Bu prediabetik vəziyyət təhlükəli olmasına baxmayaraq, tamamilə müalicə edilə bilər. Aparılan tədqiqatlar göstərir ki, xroniki ağırlaşmalar diabetdən əvvəlki mərhələdə artıq inkişaf etməyə başlayır. Diabet diaqnozu qoyulduğu zaman orqan zədəsi artıq mövcuddur və qarşısını almaq mümkün deyil.

Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir. Prediabet, I və II tip şəkərli diabetin diaqnozu kliniki simptomların, xəstə haqqında toplanmış anamnezin (məsələn, ailədə diabetə meyillik, hamiləlik zamanı qlikemiyanın pozulması) və laborator müayinələrin nəticələri əsasında qoyulur. Şəkərli diabetin müəyyən edilməsində “Diabetik profilli” laborator analizin əhəmiyyəti böyükdür. Diabetik profilli müayinələrə HbA1C, Qlükoza, C-peptid, Qlükoza-tolerant testi, Qlükoza, Fruktozamin və İnsulin müayinələri daxildir.

- Diabet diaqnozu necə qoyulur?

- Diabet diaqnozunda istifadə edilən iki ən əsas test - aclıq qan şəkərinin göstəricisi və qlikohemoqlobindir. Sağlam fərdlərdə aclıq  qan şəkəri səviyyəsi 70-100 mq / Dl arasında dəyişir. Diabet diaqnozu üçün 126 mq / Dl-dən yuxarı  nəticə olmalıdır. Bu dəyər 100-126 mq / Dl arasındadırsa,  şəkər yükləmə analizi  olunur və yeməkdən sonra qanda şəkərin miqdarına baxılır. Yeməyin başlanğıcından 2 saat sonra qan şəkərinin ölçülməsi nəticəsində qanda qlükoza səviyyəsinin 200 mq / Dl-dən yuxarı olması diabet xəstəliyinin, 140-199 mq / Dl arasında olması gizli şəkər deyilən diabetin dövrünü göstərir. Bundan əlavə, gün ərzində, yeməkdən asılı olamayan və son 3 aydakı ortalama qan şəkərini əks etdirən HbA1C (qlikohemoqlobin)  analizin nəticələrinə də baxılmalıdır və əgər bu nəticə 6.5% çoxdursa, şəkərli diabet diaqnozu qoyulur.

II tip şəkərli diabetin müalicəsi xəstəliyin mərhələsinə, fərdin ümumi sağlamlıq vəziyyətinə və digər amillərə bağlı olaraq dəyişir. Tip 2 diabetin müalicəsi qan şəkərini nəzarət altına almağı, ağırlaşma riskini azaltmağı və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.

- Niyə II tip şəkərli diabet artıq ‘yaşlıların xəstəliyi’ sayılmır və gənclər arasında sürətlə yayılmasının əsas “günahkarı” nədir — genetika, fast-food, yoxsa stress?

- Bəli, müasir dövrdə bir çox xəstəliklərin cavanlaşdığını müşahidə edirik. Təəssüf ki, II tip şəkərli diabet də bu qəbildəndir. Dediyiniz “günahkar”lar da bu xəstəliyin gənclər arasında yayılmasının əsas səbəblərindən hesab edilir. Genetik meyillilik şəkərli diabetə səbəb ola bilər, lakin bu, “valideynlərdə və ya yaxın qohumlarda şəkərli diabet olubsa, mütləq həmin nəsildə hamıda olmalıdır” anlamına gəlmir.  Fast-food təkcə şəkərli diabetin yaranmasına deyil, digər xəstəliklər – piylənmə, ürək-damar xəstəlikləri və s. də əmələ gəlməsinə sabəb ola bilər. Eləcə də stress bir çox xəstəliklərin səbəbidir. Ona görə də sağlam ömür sürmək üçün stressdən uzaq olmaq məsləhətdir.

Şəkərli diabetin gənclər arasında yayılmasının əsas səbəbi həyat tərzi ilə əlaqədardır. Artıq çəki, fiziki aktivliyin aşağı düşməsi, qeyri-sağlam qidalanma və xüsusilə zərərli vərdişlərdən istifadə şəkərli diabetin yaranmasına rəvac verən səbəblərdir. Xüsusilə uşaqlar arasında diabetin müşahidə olunması qeyri-sağlam qida vərdişlərinin formalaşması ilə bağlıdır. Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqları şəkərli və həddindən artıq zərərli qidalara üstünlük verməsinlər.

Düzgün qidalanma ilə yanaşı, idmanla mütəmadi məşğul olmaq da həm uşaqlar, həm də gənclər üçün faydalıdır.Fiziki aktivlik bu sahədə ən mühüm addımlardan biridir. Gün ərzində mütləq 5 min addım atılmalıdır. Digər vacib məqam yuxu rejiminin tamlığı, su qəbulu və bütün bunlarla yanaşı, zərərli vərdişlərdən, xüsusilə də siqaret çəkməkdən və alkoqollu və gənclər arasında çox yayılmış enerjili içkilərdən uzaq olmaqdır.

- Kimlər şəkərli diabetə görə risk qrupuna daxildirlər?

- Risk qrupuna ailəsində şəkər xəstəliyi olan insanlar (valideynlərində və xüsusilə yaxın qohumlarda diabet xəstəliyinin olması), ürək-damar xəstəliyi olan insanlar, artıq çəkisi olanlar (BKİ≥25 kg/m2), çəkinin həddindən artıq çox olması (xüsüsilə piylənmə dərəcəsi olan xəstələr), hərəkətsiz həyat tərzi, stress, 35 yaşından yuxarı şəxslər, hipertoniya xəstəliyi olanlar (A/T ≥140/90 mm.cv.st), triqliseridlərin yüksək (≥250 mq/dl) və ya HDL xolesterin ≤3.5 mg/dl) olması, 4 kq və daha artıq  uşaq dünyaya gətirən qadınlar, gestasional (hamiləlik zamanı) diabet anamnezi, hamiləlik diabetinin yaranması, yumurtalıqların polikistozu sindromu və s.

- Şəkərli diabetin ağırlaşmalarına yol verməmək üçün pasiyentlərə nələri tövsiyə edərdiniz?

- Siz yəgin belə bir fikri eşitmisiniz ki, şəkərli diabet özü-özlüyündə təhlükəli olmayıb, öz ağırlaşmaları ilə təhlükəlidir. Şəkərli diabet xəstəsi ilə sağlam insan nə ilə fərqlənir? Ağırlaşmalar nə üçün inkişaf edir, onlardan gurtulmaq olarmı? Gəlin, şəkərli diabetin nə olduğunu bir daha xatırlayaq. Şəkərli diabet – qanda şəkərin xroniki yüksək olmasıdır. Bu, sağlam insanla şəkərli diabet xəstəsi arasında yeganə fərqdir. Ona görə də ağırlaşmaların inkişafının əsas səbəbi uzun müddət qanda şəkərin səviyyəsinin yüksək olmasıdır (hiperqlikemiya). Bu hal nəyə gətirib cıxarır? Birinci növbədə bütün orqanizmin xırda qan damarları və sinirlər zədələnir. Qan damarlarımızda şəkər yüksələrkən qan daha qatı olur, hüceyrələr üçün lazım olan oksigeni və gidalı maddələri ləng çatdırır. Qlükozanın miqdarının artıq olması ilə əlaqədar qiükoza damarların divarlarına “hopur”, damarlar öz elastikliyini itirir, qidalı maddələr üçün keçiriciliyi azalır və asanlıqla travmaya məruz qalır, nətiçədə kiçik qan sızmalar əmələ gəlir. Mikrotravmaların yerində birləşdirici toxuma (çapıq) əmələ gəlir ki, bu da orqanların funksiyasını pisləşdirir. Belə bir “şəkərlənmə” sinirlərin qişalarında da əmələ gəlir və onlar öz funksiyalarını itirirlər (hissiyyat pisləşir). Ona görə də ağırlaşmalardan qurtulmaq və ya onların inkişafını dayandırmaq üçün ən 1-ci yol şəkəri normaya salmaqdır. Qanda şəkərin səviyyəsini normaya qədər aşağl salmadan, müalicədə yaxşı nəticələrə nail olmaq mümkün deyil.

Diabet zamanı ağırlaşmaların təhlükəli olması ondan ibarətdir ki, uzun müddət hec bir ağrı olmur və xəstə yaxınlaşan təhlükə haqqında heç nə bilmir. Vaxt nə qədər çox davam edirsə, müalicə etmək bir o qədər mürəkkəb və effekt bir o qədər əhəmiyyətsiz olur. Başa düşmək lazımdır ki, diabetdə problemlər siz ona barmaq arası baxdıqda (onunla hesablaşmırsınız) və ya həddindən artıq emosional (qanınız qaralır, əhval-ruhiyyəniz pisləşir, bunu özünüzə dərd edirsiz) yanaşdıqda ola bilər. Və siz diabet haqda nə qədər çox bilik alsanız və ən əsası onu həyata keçirsəniz, sizdə bir o qədər məhdudiyyətlər və pis nəticələr az olacaqdır. Istənilən həyat situasiyasında diabetin öhdəsindən gəlməyi bacarmaq və məhdudiyyətlərin olmaması üçün müntəzəm olaraq həkim yanında müayinədən keçmək lazımdır. Vaxtı-vaxxtında həkim qəbulunda olsanız, şəkərli diabeti tənzimləmək olar.

Müsahibəni apardı: Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin