https://innews.media/uploads/news/2026-01/_innews_1c3e7fa867ba897939fa61f7f_o.jpg
Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yunus Əmrə İnstitutunun Bakı filialının nümayəndələri ilə görüş keçirilib.
Qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və mövcud əlaqələrin daha da dərinləşdirilməsi məqsədi ilə təşkil olunan görüşdə ADPU-nun rektoru prof. Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Türkoloji Mərkəzin direktoru Şəkər Məmmədova, eləcə də Yunus Əmrə İnstitutunun Bakı filialının koordinatoru Gökhan Seyhan, mədəniyyət işləri üzrə aparıcı mütəxəssisi Aygün Ələkbərzadə, müəllim Hüseyn Musayev iştirak edib.
Görüş zamanı İnstitutla əməkdaşlıq istiqamətlərinə uyğun olaraq türkologiyanın aktual problemlərinə dair beynəlxalq simpoziumlar və dəyirmi masaların təşkili, kitabxana mübadiləsi - Türkoloji Mərkəzin kitabxana fondunun Türkiyədə nəşr olunan yeni elmi ədəbiyyatlarla zənginləşdirilməsi, türk dünyasının ortaq dəyərlərini əks etdirən foto-sərgilər, xəttatlıq (ebru) sənəti nümunələri və sənədli film günlərinin keçirilməsi, ortaq elmi jurnalın təsisi və Yunus Əmrə İnstitutunun təcrübəsi əsasında ADPU tələbələri üçün türk dili və ədəbiyyatı üzrə dəvətli mühazirəçilərin cəlbi kimi mövzularda müzakirələr aparılıb.
Qeyd olunub ki, bu təşəbbüslər türkoloji elmin inkişafına, gənc tədqiqatçıların və tələbələrin bilik və bacarıqlarının artırılmasına, habelə Azərbaycan–Türkiyə mədəni və elmi əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.
Qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçən görüşdə tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı niyyətlərini ifadə edib, bu çərçivədə əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı ilkin razılıq əldə olunub.