logo
ADPU-da 20 Yanvar faciəsi anılıb

ADPU-da 20 Yanvar faciəsi anılıb

ADPU-da 20 Yanvar faciəsi anılıb ADPU-da 20 Yanvar faciəsi anılıb

Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Anım tədbirindən əvvəl ADPU rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin universitet ərazisindəki abidəsini və “Zəfər guşəsi”ni ziyarət edərək önlərinə gül dəstələri qoyub, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, 1990-cı il yanvarın 20-də sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi-siyasi zorakılıq aktı beynəlxalq hüququn və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması olmaqla yanaşı, imperiya idarəetmə sisteminin iflasının bariz nümunəsi idi. Qeyd olunub ki, 20 Yanvar faciəsi Azərbaycan cəmiyyətində milli həmrəyliyin və müstəqil dövlətçilik ideyasının möhkəmlənməsində mühüm rol oynayıb. Rektor Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi prinsipial siyasi qiymətin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu hadisələrin dövlət səviyyəsində hüquqi-siyasi qiymətləndirilməsinin məhz onun siyasi iradəsi nəticəsində mümkün olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlətçilik strategiyası bu gün Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər bu siyasi varisliyin real nəticəsidir. Çıxışda həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin ölkənin strateji inkişaf xəttinin əsas tərkib hissəsi olduğu vurğulanıb. 20 Yanvar hadisələrinin səbəb-nəticə əlaqələrinin, siyasi və hüquqi nəticələrinin, eləcə də dövlətçilik tariximizdə tutduğu yerin gələcək nəsillərə sistemli və elmi əsaslarla çatdırılmasının vacibliyini vurğulayan rektor, tarixi həqiqətlərin qorunmasının, saxta və təhrif olunmuş narrativlərin qarşısının alınmasının, xüsusilə gənc nəslin şüurunda obyektiv və sağlam baxışın formalaşdırılmasının gələcəyin müəllimləri qarşısında duran əsas vəzifələrdən biri olduğunu bildirib.

Sonra 20 Yanvar hadisələridən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev “20 Yanvar hadisələrinə tarixi baxış”, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri dosent Dəyanət Musayev “Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymətin verilməsi” mövzusunda geniş məruzələrlə çıxış ediblər. Məruzələrdə 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyəti, başvermə səbəbləri və nəticələri elmi aspektdən təhlil olunub. Bildirilib ki, 1990-cı il yanvar hadisələri sovet imperiya siyasətinin böhranını və milli azadlıq hərəkatına qarşı tətbiq edilən zorakı metodları açıq şəkildə nümayiş etdirmişdir. Çıxışlarda faciənin beynəlxalq hüquq normalarına ziddliyi, dinc əhaliyə qarşı güc tətbiqinin insan hüquqlarının kobud pozuntusu olduğu xüsusi vurğulanıb, eyni zamanda, 20 Yanvar hadisələrinə Ümummilli Lider Heydər Əliyev tərəfindən verilən siyasi-hüquqi qiymətin əhəmiyyəti diqqətə çatdırılıb, bu mövqenin Azərbaycan dövlətçilik tarixində dönüş nöqtəsi olduğu qeyd edilib. Məruzələrdə faciənin Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsinə, müstəqillik ideyasının formalaşmasına və sonrakı dövrdə dövlət müstəqilliyinin bərpasına təsiri geniş şəkildə şərh olunub.

Anım tədbiri mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin