https://innews.media/uploads/news/2026-01/_innews_e3fc7d6f7a8a65e8a89aacd1e_o.jpg
Tanınmış aktyor və rejissor Hikmət Rəhimovun quruluş verdiyi və eyni zamanda baş rolu canlandırdığı “Səkkiz” serialının ilk bölümü bu gün ARB kanalında tamaşaçılara təqdim olunacaq.
"innews media" xəbər verir ki, dramatik triller janrında çəkilən layihə 12 seriyadan ibarətdir və 18+ yaş məhdudiyyəti ilə yayımlanır. Serialın prodüseri İslam Ağadır.
Ekran işində Rasim Cəfər, Yeganə Hüseynli, Elşən Rüstəmov, Loğman Kərimov, Sənan Allaz və Zülfiyyə Qurbanova rol alıblar. Peşəkar aktyor heyəti serialın dramaturji xəttini gücləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.
Serialın süjeti məktəbli qızının intiharından sonra baş qəhrəmanın həyatının alt-üst olması üzərində qurulub. Bu faciəvi hadisə onun gizli uşaqlıq travmalarını üzə çıxarır, yaşadığı ağrı isə tədricən qisas ehtirasına çevrilir. Qəhrəman qızının ölümündə günahkar bildiyi insanları bir-bir izləməyə başlayır. Keçmiş həyat yoldaşı, laqeyd tibb bacısı, məktəb direktoru və ona yaxın şəxslər bu yolun üzərində qarşısına çıxır. Cəmiyyətdə sakit və mehriban təsiri bağışlayan bu insanın daxilində isə getdikcə dərinləşən qaranlıq üzə çıxır.
Janr: Psixoloji triller
Xronometraj: 40-45 dəqiqə
Yayım vaxtı: Həftədə bir dəfə, həftə sonu, prime time