logo
Qazaxstan qlobal oyun qaydalarını müəyyən edən tərəf kimi formalaşır

Qazaxstan qlobal oyun qaydalarını müəyyən edən tərəf kimi formalaşır

Qazaxstan qlobal oyun qaydalarını müəyyən edən tərəf kimi formalaşır Qazaxstan qlobal oyun qaydalarını müəyyən edən tərəf kimi formalaşır

Son illərdə Qazaxıstan Respublikasının regional və qlobal miqyasda artan çəkisi təsadüfi xarakter daşımır. Bu yüksəlişin əsas səbəblərindən biri bu dövlətin yürütdüyü - praqmatik, çevik və strateji düşüncəyə əsaslanan siyasətidir.

Məhz bu uzaqgörən yanaşma sayəsində Qazaxıstan Mərkəzi Asiya və Qafqaz regionunda aparıcı iqtisadi və siyasi aktora çevrilməkdədir.

Suverenlik, təhlükəsizlik və inkişaf modelini ehtiva edən siyasi xəttin mərkəzində üç əsas prioritet dayanır:

1. Dövlət suverenliyinin möhkəmləndirilməsi ;

2. Milli təhlükəsizliyintəmin olunması;

3. Davamlı sosial-iqtisadi inkişaf.

Qazaxstanda keçirilən hər bir beynəlxalq zirvə görüşü, biznes forumu və yüksək səviyyəli danışıqlar, ölkənin beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, eyni zamanda real iqtisadi nəticələr verir.

Təkcə 2025-ci ildə keçirilmiş beynəlxalq görüşlər nəticəsində 70 milyard dollardan artıq ticarət və investisiya sazişlərinin imzalanması - rəsmi Astananın yürütdüyü qlobal diplomatiyanın səmərəliliyini sübut edir.

Xarici tərəfdaşlarla bağlanan müqavilələr, ölkə daxilində yeni sənaye müəssisələrinin yaradılmasına, texnologiya transferinə və minlərlə keyfiyyətli iş yerlərinin açılmasına şərait yaradır.

Məlumdur ki, müasir dünyada investisiya axınları uğrunda rəqabət, son dərəcə kəskin xarakter daşıyır

Prezident Kasım-Jomart Tokayev bu reallığı düzgün qiymətləndirərək, Qazaxıstanı proseslərin kənarında qalan deyil, oyun qaydalarını müəyyən edən tərəf kimi formalaşdırmağa çalışır.

Onun “biz Mərkəzi Asiya və Qafqaz regionunda ən böyük iqtisadiyyata malik ölkəyik” fikri yalnız iddialı bəyanat deyil, eyni zamanda faktlara əsaslanan siyasi mesajdır.

Bu kontekstdə Prezidentin hökumət və Milli Bank qarşısında qoyduğu əsas tələb diqqətəlayiqdir: mürəkkəb şəraitdə dogmatik deyil, çevik və konkret qərarlar qəbul etmək.

Bu yanaşma Qazaxıstan iqtisadiyyatının qlobal dalğalanmalara qarşı daha dayanıqlı olmasına imkan yaradır.

Tokayevin uzaqgörən siyasətinin ən mühüm istiqamətlərindən biri, Qazaxıstanın Avrasiya materikində əsas tranzit və loqistika mərkəzinə çevrilməsi strategiyasıdır.

Ölkənin coğrafi mövqeyi bu məqsəd üçün nadir imkanlar yaradır və Prezident bu üstünlükdən maksimum istifadə etməyə çalışır. Konkret olaraq :

- 13 min kilometr avtomobil yolunun tikintisi və təmiri;

- 36 yeni beynəlxalq hava marşrutunun açılması;

- Böyük dünya şəhərləri ilə birbaşa hava əlaqələrinin qurulması.

Bütün bunlar Qazaxıstanı regional deyil, qlobal logistika zəncirinin mühüm mərkəzlərindən birinə çevirir.

Hazırkı dövrdə inkişaf yalnız infrastruktur və iqtisadi göstəricilərlə məhdudlaşmır.

Əhalinin 90 faizinin internetə çıxışının təmin olunması, Qazaxıstanın Mərkəzi Asiyada “Starlink” peyk internetinə qoşulan ilk ölkə olması, dövlətin gələcəyə hesablanmış rəqəmsal siyasətinin göstəricisidir.

Bununla yanaşı, tikinti sektorunda əldə olunan nailiyyətlər, yeni yaşayış massivlərinin və sosial obyektlərin inşası, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Bütün bu faktlar onu göstərir ki, Qazaxıstanın sürətli inkişafı spontan proses deyil, məhz Kasım-Jomart Tokayevin uzaqgörən, balanslaşdırılmış və milli maraqlara söykənən siyasətinin məntiqi nəticəsidir.

O, ölkəsini yalnız bugünün çağırışlarına cavab verən deyil, həm də gələcəyin qlobal iqtisadi və siyasi arxitekturasında mühüm yer tutmağa hazır olan dövlətə çevirməyə çalışır.

Tokayev modeli sübut edir ki, düzgün strateji baxış, praqmatik diplomatiya və çevik idarəetmə sintezi, bir dövləti qısa müddətdə regional liderdən qlobal tərəfdaşa çevirə bilər.

Müəllif: Qəvami Sadıqbəyli

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin