https://innews.media/uploads/news/2025-12/_innews_3205dc74ccf1f7b572f09dfe7_o.jpg
Prezident İlham Əliyevin amnistiya ilə bağlı irəli sürdüyü təşəbbüs müasir Azərbaycan dövlətçiliyinin humanizm, sosial ədalət və milli həmrəylik prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu addım təkcə hüquqi akt deyil, eyni zamanda cəmiyyətə verilən güclü mənəvi mesajdır: dövlət insanı, onun taleyini və gələcəyini daim diqqət mərkəzində saxlayır.
Amnistiya təşəbbüsünün əsas mahiyyəti ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə iştirak etmiş şəxslərə, şəhid ailələrinə, müharibə və hərbi təxribatlar nəticəsində zərər çəkmiş vətəndaşlara xüsusi həssaslıqla yanaşmaqdan ibarətdir. Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin və onların yaxınlarının bu aktda ayrıca qeyd olunması dövlət başçısının bu qəhrəmanlıq salnaməsinə verdiyi yüksək dəyərin ifadəsidir. Bu, həm də cəmiyyətin bütün təbəqələrinə ünvanlanan bir mesajdır ki, Azərbaycan dövləti öz müdafiəçilərini heç vaxt unutmur.
Eyni zamanda təşəbbüs sosial baxımdan həssas qrupların – qadınların, yaşlıların, yetkinlik yaşına çatmayanların, ehtiyatsızlıqdan və az ağır cinayətlər törətmiş şəxslərin taleyinə humanist yanaşmanın təzahürüdür. Bu kateqoriyadan olan insanların cəzadan azad edilməsi və ya cəzalarının azaldılması onların yenidən cəmiyyətə inteqrasiyası, normal həyata qayıtması üçün real imkan yaradır. Prezidentin bu addımı hüququn cəzalandırıcı deyil, tərbiyəedici və islah edici funksiyasını ön plana çəkir.
Amnistiya aktının miqyasına görə ölkə tarixində ən geniş amnistiyalardan biri olacağı ehtimalı onun ictimai əhəmiyyətini daha da artırır. On minlərlə insanın taleyinə müsbət təsir göstərəcək bu qərar həm penitensiar sistemin yükünün azaldılmasına, həm də cəmiyyətdə sosial sabitliyin və inam mühitinin möhkəmlənməsinə xidmət edir. Dövlətlə vətəndaş arasında etimadın güclənməsi isə hər bir güclü dövlətin əsas dayaqlarından biridir.
Bütövlükdə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünün yalnız hərbi və siyasi müstəvidə deyil, eyni zamanda mənəvi və humanitar sahədə də özünü göstərdiyini sübut edir. Bu qərar ədalət, mərhəmət və məsuliyyət balansını qoruyan uzaqgörən dövlət idarəçiliyinin nümunəsi kimi yüksək qiymətləndirilməlidir və cəmiyyət tərəfindən tam əsaslı şəkildə təqdir olunur.
Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru