https://innews.media/uploads/news/2025-12/_innews_210974f44c1b28306dc2c1258_o.jpg
“İnfonews” saytı “Zəfər sədası” uşaq xor qrupundakı şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “Sizin sədanıza Vətən səslənir” layihəsinə başlayıb. Layihəyə AZƏRTAC-ın müxbiri, 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olan Məhərrəm Əli oğlu İbrahimovun övladları Uğur və Toğrul qardaşları barədə məlumatlarla start verilib.
“innews media” həmin layihə çərçivəsində hazırlanmış yazını təqdim edir.
Tanış olun: Uğur Məhərrəm oğlu İbrahim.
Onun 12 yaşı var, 6-cı sinifdə oxuyur.
“Atamın cəsur, qəhrəman, mərhəmətli, ürəyində Vətən sevgisi olması mənim üçün ən gözəl və dəyərli hisslərdən biridir. Atamla həmişə qürur duymuşam. Mənim atam bu savaşa silahla yox, qələmi ilə qatıldı. Müharibə dövründə yaşım az olsa da, televiziya ekranlarında atamı görəndə çox sevinirdim, “Baxın, bu mənim atamdır!” deyirdim. Mən fəxr edirəm ki, qəhrəman atamın oğluyam”, - deyə Uğur bildirir.
Tanış olun: Toğrul Məhərrəm oğlu İbrahim.
Onun 9 yaşı var, 4-cü sinifdə oxuyur.
“Mənim atam cəsurdur, igiddir. Atam çox mehriban, xoşxasiyyətli olub. Mənim atam qəhrəmandır. Mən də atamla qürur duyuram. Onu hamı tanıyır”, - deyə Toğrul bildirib.
Şəhid Məhərrəm İbrahimovun ruhu şad olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!