https://innews.media/uploads/news/2025-12/_innews_8db3451c8a64c42764984bea4_o.jpg
Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru professor Həsən Həsənovun anadan olmasının 85 illik yubileyi və elmi fəaliyyətinə həsr olunmuş “Həsən Həsənov: Bir ömrün siyasəti və hikməti” mövzusunda görüş keçirilib.
Tədbirdən əvvəl Quba Rayon İcra Hakimiyyətində İcra başçısı İlqar Mahmudovun professor Həsən Həsənovla görüşü keçirilib. ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev və filialın əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə səmərəli fikir mübadiləsi aparılıb. Həsən Həsənov Quba rayonunun və ətraf bölgələrin sosial-iqtisadi imkanlarına dair informasiyalar bölüşüb.
Filialda keçirilən tədbirin açılış hissəsində professor Həsən Həsənovun zəngin mənalı həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev qeyd edib ki, Həsən Həsənov uzun illər dövlət idarəçiliyində təcrübə toplamış, müxtəlif yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. Müstəqilliyin ilk illərində mürəkkəb siyasi və iqtisadi vəziyyətdə hökumət rəhbərliyində yer alması onun karyerasının mühüm mərhələsidir. O, həmçinin diplomatik fəaliyyət göstərərək Azərbaycanın xarici siyasətinin formalaşmasında iştirak etmişdir. Direktor professor Həsən Həsənova Quba xalçası və təşəkkür məktubu təqdim edilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova professor Həsən Həsənovun siyasi və ictimai fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə toxunaraq diqqətə çatdırıb ki, Həsən Həsənov təkcə siyasətçi və diplomat deyil, həm də tarixçi-alimdir. Onun elmi-tədqiqat fəaliyyətində Azərbaycan ədəbiyyatı və tarixinin öyrənilməsi mühüm yer tutub.
ADPU-nun Quba filialının İctimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı (Hacıyev, Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev, ADPU-nun Quba filialının Filologiya kafedrasının baş müəllimi, Qabaqcıl təhsil işçisi Rahib Sədullayev, AYB -nin Quba bölməsinin rəhbəri, Türk dünyasının görkəmli və tanınmış şairi Ramiz Qusarçaylı çıxışlarında qeyd ediblər ki, Həsən Həsənovun geniş ictimai-siyasi, elmi və diplomatik fəaliyyəti, dövlət-xidmət təcrübəsi, tədris və maarifçilik fəaliyyəti onu cəmiyyət və nəsillər üçün nümunəvi şəxslərdən birinə çevirib.
Professor Həsən Həsənov tədbirin təşkilinə görə, rayonun və filialın rəhbərliyinə minnətdarlığını ifadə edib. Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində əzəmət tapan müstəqilliyimiz, Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun qazandığı rəşadət və sonrakı qəhrəmanlıqlar nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirən professor bildirib ki, bu gün həmin tarix haqqında danışmaqdan qürur duyur.
Görüş müzakirələrlə davam edib.
Sonda xatirə şəkili çəkdirilib.