logo
Dövlətçiliyin əsas prinsipi: şəxsi ambisiyalar yox, milli təhlükəsizlik və suverenlik

Dövlətçiliyin əsas prinsipi: şəxsi ambisiyalar yox, milli təhlükəsizlik və suverenlik

Dövlətçiliyin əsas prinsipi: şəxsi ambisiyalar yox, milli təhlükəsizlik və suverenlik Dövlətçiliyin əsas prinsipi: şəxsi ambisiyalar yox, milli təhlükəsizlik və suverenlik

Dövlət siyasətinin mahiyyəti kiminsə şəxsi ambisiyasına yox, cəmiyyətin təhlükəsizliyinə, suverenliyə və milli birlik prinsipinə əsaslanır.

Azərbaycan siyasi sistemində bütün fəaliyyətlər “Siyasi partiyalar haqqında” qanunla müəyyən edilmiş aydın çərçivələr daxilində həyata keçirilməlidir. Bu gün müxtəlif siyasi qruplar haqqında səslənən çağırışlar, xüsusilə də AXCP-nin fəaliyyəti ilə bağlı ictimai narahatlıq, təsadüfi deyil və ciddi hüquqi faktlara söykənir.

İllərdir müşahidə olunan radikal çağırışlar, konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə eyham vuran çıxışlar, kütləvi itaətsizliyə səsləyən ritorika və xarici təsirlərlə paralel fəaliyyət ehtimalları bu təşkilatın siyasi mübarizə çərçivəsindən uzaqlaşdığını göstərən əsaslardır. Qanunun 4.3-cü maddəsi bu kimi davranışları qəti şəkildə yasaqlayır və belə pozuntular siyasi partiya üçün ən sərt hüquqi nəticələrə səbəb ola bilər.

Məsələ bundadır ki, dövlət siyasətinin mahiyyəti kiminsə şəxsi ambisiyasına yox, cəmiyyətin təhlükəsizliyinə, suverenliyə və milli birlik prinsipinə əsaslanır. Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həm milli təhlükəsizlik, həm də siyasi sistemin sağlamlaşdırılması istiqamətində dönüş yaradan addımlar atır. Bu transformasiya ölkənin dövlətçilik ənənəsini möhkəmləndirir, siyasi institutların məsuliyyətini artırır.

Təəssüf doğuran odur ki, AXCP rəhbərliyinin illərdir nümayiş etdirdiyi davranışlar siyasi rəqabət deyil, destruktivlik üzərində qurulub. Dövlətin tarixi qələbələrinə biganə qalmaq, milli həmrəyliyə zidd çağırışlar etmək, cəmiyyətdə qarşıdurma yaratmağa hesablanmış ritorika nümayiş etdirmək müxalifətçilik deyil, məsuliyyətsizlikdir. Bu cür mövqe nə demokratik dəyərlərə uyğun gəlir, nə də xalqın siyasi mədəniyyətinə.

Son günlər istintaqa cəlb edilən Ramiz Mehdiyev faktoru da göstərir ki, dövlətçilik maraqlarına zidd fəaliyyət, gizli siyasi manipulyasiyalar və cəmiyyətə qarşı yönəlmiş oyunlar kim tərəfindən törədilməsindən asılı olmayaraq mütləq hüquqi qiymətini alır. Dövlətin gücü məhz bundadır – fərq qoymadan, istisnasız şəkildə qanunun aliliyini təmin etməkdə.

Bu gün Azərbaycan xalqı tarixinin ən güclü birliyini nümayiş etdirir. Qarabağ Zəfəri ilə formalaşmış milli həmrəylik dövlətin yanında olmaq, dövlətçilik maraqlarını qorumaq və təhlükəsizliyi hər şeydən üstün tutmaq kimi prinsipləri daha da gücləndirib. Bu reallıq fonunda radikal qrupların cəmiyyətə təsir imkanları artıq minimumdadır.

Bu səbəbdən də siyasi partiyaların fəaliyyəti yalnız qanun çərçivəsində, milli maraqlara uyğun şəkildə davam etməlidir. Hər hansı təşkilat bu prinsipləri pozursa, onun fəaliyyəti haqqında hüquqi prosedurların başlanması tamamilə məntiqli və dövlətçilik baxımından zəruri addımdır.

Azərbaycanın gələcəyi xaosda yox, qanunda, qarşıdurmada yox, milli həmrəyliyin gücündədir.

Bu gün əsas vəzifəmiz milli suverenliyi, dövlətçilik ənənələrini və toplumun siyasi mədəniyyətini qorumaqdır.

Milli Məclisin deputatı

Ülviyyə Həmzəyeva

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin