https://innews.media/uploads/news/2025-12/_innews_8e4e811423caeaf5f588ae429_o.jpg
Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya, Filippində keçirilən Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumunun (APRSAF-31) 31-ci sessiyasında "Hamı üçün Kosmik Təhsil" işçi qrupunun tədbirində fəal iştirak edib. KOSMİK Akademiya tədbirdə kosmik təhsilin inklüzivliyini və beynəlxalq əməkdaşlığı dəstəkləyən 3G+ müxtəliflik modelini təqdim edib.
KOSMİK Akademiyanın təqdim etdiyi 3G modeli, “Gender”, “Coğrafiya” və “Gələcək Nəsil” istiqamətlərində kosmik təhsilin inkişafına dair mühüm yanaşmaları əhatə edir. Akademiyanın məqsədi gələcəyin kosmik liderlərini yetişdirmək və kosmos sahəsində gender balansını, coğrafi bərabərliyi və gənc nəsillərin aktiv iştirakını təmin etməkdir.
Tədbir zamanı KOSMİK Akademiya, Azərbaycanda kosmik təhsil mövzusunda geniş məlumat verərək, bu sahədə ölkənin əldə etdiyi uğurları və beynəlxalq əməkdaşlıqlarını vurğulayıb.
“APRSAF” 44 ölkənin iştirak etdiyi və dünyanın ən böyük kosmik regional tədbirlərindən biri olaraq, kosmik agentliklərinin və digər təşkilatların bir araya gəldiyi mühüm bir platformadır. Forumun 4 əsas qanadından biri olan “Kosmik Təhsil” sahəsində, KOSMİK Akademiya Azərbaycanda həyata keçirilən layihələri ilə iştirak edir. Bu layihələrə “APRSAF Beynəlxalq Kosmik Poster Müsabiqəsi”, “APRSAF Kosmik Fəzanın Müşahidəsi Forumu”, “APRSAF kosmos, aviasiya və STEAM seminarı” və “APRSAF CanSat müsabiqəsi” daxildir.