https://innews.media/uploads/news/2025-11/_innews_6b61b0183eb15b8e91933fc39_o.jpg
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarında silsilə tədbirlər təşkil olunub. Tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılan misilsiz qələbənin tarixi əhəmiyyəti vurğulanıb, şəhidlərin xatirəsi ehtiramla anılıb, iştirakçılar dövlətimizin gücünü və xalqımızın birliyini ifadə edən bu Zəfərin mənəvi dəyərindən söz açıblar.
İncəsənət və fiziki tərbiyə fakültəsində keçirilən tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək, Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın mübarizlik və birliyindən bəhs edib və 5 ili tamam olan böyük Zəfər münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib. Tədbir çərçivəsində rektor fakültənin müəllim və tələbələrinin müəllifi olduqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub, Vətən müharibəsi iştirakçısı olan müəllim və tələbələrlə görüşüb. Tədbir Musiqi və onun tədrisi texnologiyası kafedrasının hazırladığı Zəfərə həsr olunmuş musiqi əsərlərindən ibarət kompozisiyalarla davam edib.
Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə açılış sözü ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru prof. Fikrət Rzayev Zəfər Gününün gələcək nəsillərə azərbaycançılıq ideyalarının, milli həmrəyliyin və vətənə sədaqətin aşılanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqdan, Azərbaycan xalqının sarsılmaz iradə və vətənpərvərlik ruhundan söz açıb.
Fakültə dekanı dos. Nailə Hüseynova Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib və tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə minnətdarlığını bildirib. Tədbir proqramı tələbələrin ifasında şeir, rəqslər və səhnəciklə davam edib.
Tarix və coğrafiya fakültəsi tərəfindən təşkil edilən tədbiri giriş sözü ilə açan fakültənin dekanı dos. Asif Axundov çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. Dekan şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və Vətən sevgisinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildirib. Tədbirdə tələbələrin ifasında rəqs, musiqi və səhnəciklərdən ibarət kompozisiyalar təqdim edilib.
Kimya və biologiya fakültəsində təşkil edilən tədbirdə çıxış edən fakültə dekanı dos. Reyham Ağayeva xalqımızın birliyi, şəhid və qazilərimizin fədakarlığının Azərbaycan tarixində əbədi Zəfər səhifəsi yazdığını qeyd edib və gəncləri bu qələbənin ruhunu daim yaşatmağa, tariximizə və milli dəyərlərimizə sadiq olmağa çağırıb. Vətən müharibəsi qazisi Kamran Qaragözovun döyüş xatirələri barədə çıxışının ardından tədbir tələbələrin iştirakı ilə hazırlanmış bədii hissənin nümayişi ilə davam etdirilib.
İbtidai təhsil fakültəsində də “Zəfərin sədası” adlı təntənəli tədbir təşkil olunub. Tədbirdə gakültə dekanı prof. Qızxanım Qəhrəmanova Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən söz açıb, Zəfərin təkcə döyüş meydanında deyil, həm də informasiya cəbhəsində tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Tədbir tələbələrin ifasında vətənpərvərlik ruhunda təqdim olunan ədəbi-bədii kompozisiya, musiqi nömrələri və videoçarxlarla davam edib.
Fizika fakültəsinin təşkilatçılığı ilə keçirilən “Zəfərin səsi” adlı tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru prof. Fikrət Rzayev, fakültənin dekanı dos. Arzu Daşdəmirov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Prof. F.Rzayev çıxış edərək bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.
Fakültə dekanı dos. A.Daşdəmirov bildirib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Tədbirdə tələbələr tərəfindən hazırlanmış vətənpərvərlik mövzulu milli musiqilər, rəqslər, şeir kompozisiyaları və qəhrəmanlıq səhnələri təqdim edilib.
Əcnəbi tələbələrlə iş şöbəsi tərəfindən ADPU-da Hazırlıq kursunda təhsil alan əcnəbi dinləyicilər üçün 8 Noyabr -:Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə universitetin Heydər Əliyev Mərkəzində tədbir təşkil edilib.
Magistratura və doktorantura şöbəsində də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Şöbənin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov giriş sözü ilə çıxış edərək möhtəşəm bayramlar münasibətilə tədbir işirakçılarını təbrik edib, hazırda keçmiş sayılan Ermənistan-Azərbaycan münaqişəsinin dövlətimizə, xalqımıza yaratdığı çətinliklərdən, 44 gün davam etmiş Vətən müharibəsində dövlət-xalq-ordu birliyi nəticəsində əldə edilmiş qələbənin əhəmiyyətindən danışıb.
Sonra Ümumi pedaqogika kafedrasının dosenti Emiliya Hüseynova “Gənclərdə vətəndaşlıq mövqeyinin formalaşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Tədbir magistrantların çıxışlarından ibarət bədii hissə ilə davam edib.
ADPU-nun Şamaxı filialı, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə filialda Qələbənin 5-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi Araşdırmalar Konfransının plenar iclası keçirilib. Konfransa Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən də alim və tədqiqatçılar qatılıb, ümumilikdə 150-yə yaxın elmi məqalə təqdim olunub.
Həmçinin filialda “Zəfər Ruhunu Yaşadanlar” adlı tədbir keçirilib. Filialın direktoru dos. Tünzalə Yusifova çıxışında qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və bu tarixi Zəfər xalqımızın birliyinin, dövlətimizin gücünün təcəssümüdür. Tədbir bədii hissə ilə davam etdirilib.
Bununla yanaşı, filialda Zəfər Günü tədbirləri çərçivəsində Vətən müharibəsi şəhidləri Ziyad Zərbalıyev, Zahir Manafov və Tərlan Amanaliyevin məzarları ziyarət edilib, “Milli qürur günümüz” mövzusunda tədbir təşkil edilib, Kitbxana və elektron resurslar şöbəsi tərəfindən Zəfər tarixini əks etdirən guşə hazırlanıb.
Ağcabədi filialında isə “8 Noyabr - Zəfər Günü – Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib. Filial rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu möhtəşəm qələbə Azərbaycan xalqının birliyi, Ordumuzun rəşadəti və Ali Baş Komandanın dəmir iradəsi nəticəsində mümkün olub. Bədii hissədə qələbə ruhlu musiqi, şeir və rəqs nümunələri təqdim edilib.
Şəki filialında "Beş illik Qalibiyyət Salnaməsi" adlı tədbir keçirilib. Filialın direktoru dos. Vurğun Məmmədov giriş nitqi ilə çıxış edərək, Zəfərə gedən yolun tarixi-xronoloji ardıcıllığını diqqətə çatdırıb, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin qələbənin əldə olunmasındakı müstəsna rolundan, hazırda işğaldan azad olunmuş torpaqların abadlaşdırılması istiqamətində görülən möhtəşəm işlərdən bəhs edib. Şəhid yaxınlarının çıxışlarından sonra tədbir bədii-musiqili hissə ilə davam edib.
Quba filialında “Azərbaycanın Zəfər paradiqması: Qüdrət, qəhrəmanlıq, qürur” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən filialın direktoru prof. Yusif Alıyev Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində milli qurtuluşdan başlayan və Ali Baş Komandan İlham Əliyevin nəyi nə zaman edəcəyini bilən liderlik fəaliyyətinin nəticəsində zəfərə aparan yol, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və Zəfər Günü haqqında geniş məruzə edib. Rəsmi qonaqlar, müharibə qaziləri, şəhid yaxınlarının çıxışları və məruzələrdən sonra tədbirin bədii hissəsi başlayıb.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də Riyaziyyat və informatika fənn birləşməsi müəllimlərinin təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxışçılar qeyd ediliblər ki, 44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində misli görünməmiş qələbə qazanıb.