logo
Naxçıvanda “Konstitusiya və Suverenlik: Milli Qurtuluşdan Zəfərə” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Konstitusiya və Suverenlik: Milli Qurtuluşdan Zəfərə” mövzusunda konfrans keçirilib

Naxçıvanda “Konstitusiya və Suverenlik: Milli Qurtuluşdan Zəfərə” mövzusunda konfrans keçirilib Naxçıvanda “Konstitusiya və Suverenlik: Milli Qurtuluşdan Zəfərə” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: Milli Qurtuluşdan Zəfərə” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərində  Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının, mərkəzi və yerli idarə, təşkilatların nümayəndələrinin və ümumtəhsil, ali və orta ixtisas müəssisələrinin müəlim, tələbə və şagirdlərinin iştirakı ilə keçirilən konfransda Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Konfransda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev konfransda çıxış edərək qeyd edib ki, “Konstitusiya və Suverenlik İli”nin elan olunması, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyi və Zəfərin 5 illiyinin qeyd edilməsi, dövlət müstəqilliyimizin hüquqi dayaqlarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin təməlini təşkil edir, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövlətçilik yeni inkişaf mərhələsinə yüksəlib.

Cabbar Musayev bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfər, ölkəmizin suverenliyini və konstitusion əsaslarını tam bərpa edib. Bu Zəfər, həm də Azərbaycan xalqının dövlətçilik ənənələrinin, milli birliyinin və suverenliyinin sarsılmazlığını nümayiş etdirib. Bu gün ölkəmizdə həyata keçirilən islahatlar, güclənən hüquqi dövlət prinsipləri və sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın dayanıqlı gələcəyini təmin edir.

Konfransda çıxış edən Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva qeyd edib ki, Konstitusiya Azərbaycan xalqının müstəqillik iradəsini, suverenliyini və azadlıq əzmini əks etdirən ali hüquqi sənəddir. Zəfərlə möhkəmlənən bu suverenlik hüquqi dövlətin təməl prinsiplərinin gerçək həyatda tətbiqinə geniş imkanlar açıb. Diqqətə çatdırılıb ki, məhkəmə hakimiyyəti ədalətin bərqərar olunması, vətəndaşların hüquqlarının müdafiəsi və Konstitusiya prinsiplərinin qorunması istiqamətində üzərinə düşən məsuliyyəti qətiyyətlə yerinə yetirir.

Daha sonra çıxış edən Naxçıvan Şəhər Prokuroru Qalib İsmayılov bildirib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyamız hüquqi dövlətin əsasını qoyaraq insan hüquq və azadlıqlarının qorunmasını təmin edib. Qeyd olunub ki, bu gün ölkəmizdə qanunun aliliyi prinsipi daha da möhkəmlənib, hüquq-mühafizə orqanlarının fəaliyyəti vətəndaşların hüquqlarının müdafiəsinə yönəlib.

Konfrans çərçivəsində müzakirə “Hüquqi dövlətin təməli – Konstitusiya və milli suverenlik” və  “Zəfərdən suverenliyə – dövlətçilik, gənclik və milli ideya” mövzularında iki panel müzakirə təşkil olunub.

Birinci panel müzakirədə hüquq elmləri doktoru, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyev, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Aslan Heydərov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Humanitar siyasət komitəsinin sədr müavini Əziz Qasımov çıxış edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və panel müzakirəyə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin aparıcı məsləhətçisi Turac Əlizadə moderatorluq edib.

İkinci panel müzakirədə isə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sosial siyasət komitəsinin sədri Nuray Əliyeva və Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov mövzu üzrə çıxışlar edib, müzakirələr aparıblar. Panel müzakirəyə Naxçıvan Dövlət Universitetinin müəllimi, siyasi elmlər üzrə doktorant Təbrizə Bağırova moderatorluq edib.

Konfransın bədii hissəsində Naxçıvan Dövlət Filormaniyasının solistləri Tural Nəcəfovun və İlkin Abdullayevin ifaları dinlənilib, Naxçıvan şəhər Heydər Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “İncilər” qrupunun  rəqs nömrəsi izlənilib.

Konfrans çərçivəsində kofe-breyk də təşkil olunub. Konfrans iştirakçıları birlikdə maraqlı vaxt keçirərək müzakirələr aparıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin