https://innews.media/uploads/news/2025-11/_innews_0c7dc000879364741adcaab39_o.jpg
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında əməkdaşlığın növbəti mühüm mərhələsi baş tutub. “Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə Sazişi” üzrə həyata keçirilən “Kiçik Həcmləri ODA (İnkişafa Rəsmi Yardım)” proqramı çərçivəsində TƏBİB-in tabeliyindəki Gəncə şəhər Birləşmiş Xəstəxanasına (Xəstəxana) tibbi avadanlıqlar ianə edilib. Bu təşəbbüs xüsusilə ətraf regionlarda yaşayan və həssas əhali qruplarının, o cümlədən uşaqların tibbi xidmətlərə daha asan və bərabər çıxışını təmin etməyə yönəlib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təhvil-təslim mərasimində bildirib ki, bu cür layihələr ölkəmizin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir: “Layihənin əsas məqsədi ölkəmizdə həssas əhali qrupu üçün tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Xüsusilə vurğulamaq istərdim ki, ianə edilən tibbi avadanlıqlar ümumi və uroloji cərrahiyyə, diaqnostika, anesteziologiya, reanimasiya və intensiv terapiya tədbirlərinin həyata keçirilməsi üçün müasir texnikalardır. Xəstəxananın cərrahiyyə və reanimasiya bölmələrində istifadə olunacaq avadanlıqlar kritik vəziyyətdə olan xəstələr üçün həyati əhəmiyyət daşıyır. İnanırıq ki, yeni avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılmasına töhfə verəcək”.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə çıxışında vurğulayıb ki, 2024-cü ildə Koreya Hökumətinin dəstəyi ilə Gəncədə “Uşaqlara Tibbi Müayinə Dəstəyi” layihəsi həyata keçirilmiş, eyni zamanda “Kiçik Həcmli İnkişafa Rəsmi Yardım” proqramı çərçivəsində ürək-damar xəstəlikləri ilə bağlı xəstəxanaya 18 adda müasir tibbi avadanlıq ianə edilib: “Xəstəxana regionda ən çox tibbi xidmət göstərən müəssisədir və eyni zamanda bura qonşu rayonlardan da müraciətlər çox olur. İanə edilən avadanlıqlar bizə imkan verəcək ki, göstərdiyimiz tibbi xidmət daha keyfiyyətli olsun və bütün bunlar, əlbəttə ki, ölkəmizdə müasir səhiyyə idarəçiliyi modelinin tətbiqi baxımından olduqca əhəmiyyətlidir”.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu bildirib ki, “Gəncə Azərbaycanın əsl xəzinəsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyimiz layihələr sayəsində bu şəhərin və ümumilikdə Azərbaycanın səhiyyə sisteminə real töhfə verə bildiyimiz üçün qürur duyuram. Son üç ildə həyata keçirilən təşəbbüslər yalnız tibbi xidmətlərin keyfiyyətinin artmasına deyil, həm də iki ölkə arasında dostluğun və qarşılıqlı inamın möhkəmlənməsinə xidmət edir”.
Xəstəxananın direktoru İlkin İsmayılov isə öz növbəsində aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib: “Ümumilikdə ətraf 17 bölgədən vətəndaşlar xəstəxananın nəzdində olan tibb müəssisələrinə üz tuturlar. Bu müraciətlərin keyfiyyətli şəkildə qarşılanması üçün ianə edilən müasir tibbi avadanlıqlar tibb müəssisəmizin texniki imkanlarını artırır. Yeni avadanlıqlar tibbi personalının işini daha səmərəli qurmağa və vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə şərait yaradacaq”.
Avadanlıqlar arasında rentgen aparatı, defibrilyator, anesteziya cihazı, xəstə monitorları, əməliyyat lampaları və masaları, elektrocərrahiyyə və aspirasiya aparatları, reanimasiya çarpayıları, körpə inkubatoru və s. yer alır. Bu avadanlıqlar xüsusilə ölüm riski yüksək pasiyentlərin vaxtında müalicəsinə imkan verən reanimasiya və intensiv terapiya bölmələrində istifadə olunacaq. Avadanlıqlar cərrahi əməliyyatların daha təhlükəsiz və dəqiq aparılmasına, anesteziya və reanimasiya proseslərinin təkmilləşdirilməsinə, yeni doğulan körpələrin xüsusi şəraitdə baxımına, həmçinin uroloji müdaxilələrin effektiv icrasına xidmət edəcək. İanə edilən tibbi avadanlıqların ümumi dəyəri 350 000 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, bu layihə “Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə Sazişi”nə əsasən “Kiçik Həcmləri ODA (İnkişafa Rəsmi Yardım)” proqramı çərçivəsində həyata keçirilən üçüncü tibbi avadanlıq ianəsidir. Əvvəlki illərdə də proqram çərçivəsində TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə ana və uşaq sağlamlığının qorunması üçün avadanlıqlar ianə edilmiş, həmçinin pandemiya dövründə müayinə köşkləri təhvil verilmişdir.