logo
Azərbaycanın İstanbulda açacağı məktəb üçün ərazi rəsmən təsdiqləndi

Azərbaycanın İstanbulda açacağı məktəb üçün ərazi rəsmən təsdiqləndi

Azərbaycanın İstanbulda açacağı məktəb üçün ərazi rəsmən təsdiqləndi Azərbaycanın İstanbulda açacağı məktəb üçün ərazi rəsmən təsdiqləndi

Türkiyənin milli təhsil naziri Yusuf Tekin “Teleqraf” İnformasiya Agentliyinə eksklüziv müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

– Cənab nazir, öncə müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Türkiyə məktəblərində 18 milyona yaxın şagird təhsil alır. Ölkənizin təhsil sistemi barədə məlumat verməyinizi istərdik…

– Öncə əziz azərbaycanlı qardaşlarımı hörmət və məhəbbətlə salamlayıram. Türkiyə təhsil sistemi baxımından çox böyük bir ölkədir. 2025-ci il etibarilə Türkiyədə təhsil həm əhatə dairəsinə, həm də imkanlarına görə tarixinin ən güclü dövrlərindən birini yaşayır. Hazırda ölkə üzrə 70 mindən çox məktəbdə 18 milyon şagird təhsil alır, 1 milyondan artıq müəllim fəaliyyət göstərir. 753 mindən çox sinif otağı sayəsində sinif sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ibtidai təhsildə sinif başına düşən şagird sayı 23-ə, orta təhsildə isə 20-yə enib.

Bütün təhsil pillələrində məktəbləşmə göstəriciləri tarixi səviyyələrə çatıb, məktəbəqədər təhsil 84,26 faiz, ibtidai pillədə 95,65 faiz, orta pillədə 87,97 faiz, ali təhsildə isə 42,72 faiz təşkil edir. 2025-ci ildə şagirdlərin istifadəsinə 364 elm və incəsənət mərkəzi, 12 mindən çox idman zalı, 49 mindən artıq laboratoriya, 40 mindən çox kitabxana təqdim olunub.

FATİH layihəsi çərçivəsində 624 min interaktiv lövhə və 2,4 milyon planşet təhsilə yönəldilərək rəqəmsal transformasiya sahəsi gücləndirilib. Bununla da Türkiyənin təhsil infrastrukturu həm kəmiyyət, həm də keyfiyyət baxımından müasir dövrün tələblərinə cavab verəcək mərtəbəyə yüksəlib.

Belə böyük bir strukturu idarə etmək, əlbəttə, asan deyil. Bütün bu səylərimiz bərabər imkanların təmininə, ictimai ədalətin möhkəmlənməsinə, inkişafın dərinləşməsinə və gələcəyə olan sarsılmaz inamımıza xidmət edir. Əldə etdiyimiz hər göstərici bizə əmanət edilən övladlarımıza qarşı daşıdığımız tarixi məsuliyyətin və vicdani borcun nəticəsi kimi atdığımız möhkəm addımları ifadə edir.

2024-2025-ci tədris ilindən etibarən mərhələli şəkildə tətbiqinə başladığımız “Türkiyə əsrinin maarif modeli” təhsil anlayışımızda yeni bir baxış və yenilənmiş tədris proqramlarını əks etdirir. Bu model “İstiqlaldan istiqbala – Türkiyə əsrini quracaq nəsillər yetişdirmək” anlayışı ilə, təhsili mədəniyyətin dirçəldilməsi və insanın bütün yönləri ilə inkişafı kimi görür.

Bu yanaşma akademik uğuru mərkəzə alsa da, dəyər tərbiyəsini, xarakter formalaşmasını, mədəni kimlik və milli mənsubiyyəti eyni dərəcədə önəmli hesab edir. Türkiyə əsrinin maarif modeli dövrün tələblərinə cavab verən, lakin öz köklərindən güc alan, milli, mənəvi və ümumbəşəri dəyərlərə söykənən bir təhsil yanaşması kimi yeni nəsillərə istiqamət verməyi hədəfləyir.

Tədris proqramlarımızı bu baxışla yeniləməklə yanaşı, müəllimlərimizin peşəkar inkişaf imkanlarını artırdıq, rəqəmsal platformalarımızı təkmilləşdirdik. Kəndlərdən böyük şəhərlərə qədər hər bir şagirdin eyni keyfiyyətdə təhsil alması üçün gecə-gündüz çalışırıq və çalışmağa davam edəcəyik. Bizim üçün təhsil ölkəmizin və sülh içində yaşayan bir dünyanın gələcəyini formalaşdıran strateji bir sahədir. Buna görə də bütün planlarımızı “Türkiyə əsri” məqsədi çərçivəsində, şagird və müəllimləri mərkəzə alaraq həyata keçiririk.

– Müsavirlik və indiki nazirlik dövrünüzdə bir çox islahat proqramları həyata keçirdiniz. İndi də müəllim yetişdirmək məqsədilə Milli Təhsil Akademiyasını qurursunuz. Türkiyədə necə bir müəllim profili yetişdirməyi planlaşdırırsınız?

– İnsana baxışda “ontoloji bütövlük”, biliyə baxışda “epistemoloji bütövlük”, təhsil prosesinə baxışda “zaman baxımından bütövlük”, dəyərlərə baxışda isə “aksioloji kamillik” anlayışları Türkiyə əsrinin maarif modelində şagird profilinin əsasını təşkil edir. Təbii ki, bu cür şagird profilinə çatmaq üçün eyni dərəcədə yetkinlik və bacarıqlara malik müəllimlər yetişdirmək zəruridir.

Bizim arzumuz – öyrənmə və öyrətmə eşqi ilə yaşayan, kəşf edən, ilham verən, şagirdini ruhlandıran, məsuliyyətli, ideallı, liderlik qabiliyyətinə malik, mərhəmətli, ədalətli və vicdanlı müəllimlərdir. Türkcədən düzgün istifadə edən, dövrün tələb etdiyi texnoloji bacarıqlara uyğunlaşa bilən, vətənini və millətini sevən, peşəsinə və şagirdlərinə məhəbbət bəsləyənbir müəllim profili ilə Türkiyə əsri hədəflərimizə çatacağımıza inanırıq. Bu xüsusiyyətlər əlçatmaz və ya nəzəri ideallar deyil. Əksinə, mövcud vəziyyətin təhlili, sahədən gələn geribildirimlər və real ehtiyaclar əsasında müəyyən edilmiş məqsədlərdir.

Məhz bu baxışla Milli Təhsil Akademiyası quruldu. Akademiyanın məqsədi müxtəlif fakültələrdən məzun olan namizədləri ortaq bir standart üzrə hazırlamaq, eyni zamanda fəaliyyət göstərən müəllimləri dəyişən tədris proqramları və təhsil texnologiyalarına uyğun şəkildə davamlı dəstəkləməkdir.

Akademiyanın əsas missiyası müəllimlərin peşəkar inkişafında davamlılığı, izlənə bilənliyi və keyfiyyətli transformasiyanı təmin etməkdir. Akademiya müəllimlərin fərdi ehtiyac və tələblərini nəzərə alaraq planlı, davamlı və tətbiqlə inteqrasiya olunmuş inkişaf proqramları həyata keçirəcək. Bununla yanaşı, karyera pillələri üzrə yüksəlişi dəstəkləyən təlimlər təşkil edəcək, beynəlxalq təcrübələri izləyəcək, beşillik inkişaf planları hazırlayacaq və peşə içi təlimlərin standartlarını müəyyənləşdirəcək.

Nəticə etibarilə, Akademiya müəllimliyi sadəcə bir peşə kimi deyil, daimi öyrənmə, özünü yeniləmə və rəhbərlik missiyası daşıyan bir sahə kimi formalaşdırmağı hədəfləyir.

– Müəllimlik sadəcə bir peşə deyil, həm də mənəvi bir missiyadır. Bu kontekstdə, sizcə, müəllimliyin daşıdığı mənəvi məna nədən ibarətdir?

– Müəllimlik sadəcə bir peşə deyil, mədəniyyətimizin davamlılığını təmin edən bir əmanəti qorumaq və gələcəyə ötürmək məsuliyyətidir. Müəllim, bilik ötürərkən eyni zamanda insanın xarakterini, ruhunu və vicdanını formalaşdıran insandır. Bu səbəbdən müəllimlik səbir, sevgi və fədakarlıqla mənalanır. Onun daşıdığı mənəvi dəyər bir uşağın gözündəki işıqdan başlayıb bir millətin üfüqünə qədər uzanır.

Həqiqi müəllim şagirdinin ürəyinə toxunar, biliklə yanaşı yaxşılığı, əxlaqı və ədaləti də yaşadar. O, bəzən kəşf edən, bəzən bələdçi, bəzən də səssiz bir dostdur. Öz həyatını uşaqlara həsr edən, ölkənin hər bir bölgəsində fədakarcasına çalışan müəllimlər millətin səssiz memarlarıdır. Bu anlayışla müəllimlik bilik verməkdən çox insan yetişdirmə sənətidir. Bu isə yalnız kitab biliyi ilə deyil, nümunəvi həyat tərzi, xarakter və əxlaqla mümkündür.

Müəllim dövrün yeniliklərinə açıq olmalı, lakin öz kökləri ilə bağını qoruyub saxlamalıdır, bu günü öyrədərkən keçmişin hikmətini və gələcəyin ümidini daşımalıdır.

– Türkiyə və Azərbaycan arasında təhsil nazirlikləri arasındakı təmaslar, münasibətlər necə gedir?

– Azərbaycan bizim üçün dost və qardaş bir ölkədir. Qardaşlıq anlayışı ilə yürüdülən münasibətlərimiz təhsil sahəsində də hər keçən gün möhkəmlənir. Son səfərimiz zamanı Azərbaycan elm və təhsil naziri cənab Emin Əmrullayev ilə görüşdük və geniş məzmunlu danışıqlar apardıq. Bu görüşlərin nəticəsində həm mövcud əməkdaşlıq sahələrini gücləndirdik, həm də gələcəyə yönəlik yeni addımlar atdıq. Bakı Türk Anadolu Liseyinin Əhmədli Kampusunun açılışını etdik. Azərbaycanın Türkiyədə qurmağı planlaşdırdığı beynəlxalq məktəb üçün ayrılacaq ərazinin rəsmi təsdiq prosesi də tamamlandı. Eyni zamanda, peşə təhsili sahəsində birgə proqramların həyata keçirilməsi məqsədilə əlavə protokol imzaladıq.

Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin görüşündən sonra Türkiyənin Qarabağda bir məktəb inşa etməsi barədə razılıq əldə olunduğunu da qeyd etmək istərdim. Bu çərçivədə Ağdamda və ya uyğun görüləcək digər bir yerdə məktəb inşa edəcəyik. Beləliklə, hər iki ölkənin gəncləri eyni standartlarda təhsil alma imkanına sahib olacaqlar. Bu güclü əməkdaşlığın başqa bir simvolu da 6 fevral zəlzələlərindən sonra Azərbaycan hökumətinin dəstəyi ilə Kahramanmaraşda inşa edilən Heydər Əliyev ibtidai məktəbidir.

11 sentyabrın 11-də 2024-cü ildə cənab nazir Emin Əmrullayevlə birgə açılışını etdiyimiz bu məktəb iki ölkə arasında qardaşlıq və həmrəyliyin ən mənalı təzahürlərindən biridir. Bu mühüm addım yalnız bir məktəbin açılışı deyil, eyni zamanda təhsilin şəfaverici gücü ilə iki xalqın bir-birinə bağlandığı bir həmrəylik nümunəsidir. Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev də daha sonra bu məktəbi ziyarət edərək, iki ölkə arasında qardaşlığın və həmrəyliyin bu rəmzinə xüsusi mənəvi dəyər qazandırdılar.

Bu birliyin ən dəyərli tərəfi onun sahədəki konkret nəticələridir. Füzulidə, Şuşada, Bakıda, Qarabağ Universitetində – siniflərdə, emalatxanalarda gördüyümüz həvəs bizə bunu göstərir: biz əslində Azərbaycanla ortaq bir gələcək qururuq. Buna görə də rahatlıqla deyə bilərəm ki, Türkiyə ilə Azərbaycan arasındakı təhsil əməkdaşlıqları bütün regionun gələcəyinə işıq salacaq xarakter daşıyır.

Təhsil vasitəsilə qurduğumuz əlaqələri heç vaxt nüfuz sahəsi kimi deyil, Azərbaycan kimi dost və qardaş ölkələrlə ortaq maraqlarımızı möhkəmləndirən, könül körpüləri quran bir mədəniyyət xidməti kimi görürük. Qurduğumuz təhsil diplomatiyası, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın və mədəni birliyin ən güclü dayaqlarından biridir.

– İki qardaş və strateji ölkə olaraq ilk növbədə təhsil sahəsində nə etməliyik? Türkiyənin təcrübəsi və Azərbaycanın potensialı nəzərə alındıqda, haradan başlamaq lazımdır?

– Əvvəlcə deməliyəm ki, hər iki ölkənin sahib olduğu təcrübəni ortaq bir platformada birləşdirmək çox qiymətlidir. Bu istiqamətdə imzaladığımız Əlavə Protokol ilə Azərbaycandakı iki peşə təhsili müəssisəsində birgə tədrisin aparılması üçün hüquqi baza yaradıldı. Növbəti mərhələdə birgə təhsil veriləcək müəssisələrin sürətlə müəyyənləşdirilməsi və imzalanan protokol əlavəsində yer alan “Peşə təhsili müəssisələri çərçivə qaydaları”na uyğun şəkildə tətbiqə başlanması vacibdir.

Bunun sayəsində Türkiyənin peşə təhsili sahəsindəki zəngin təcrübəsi ilə Azərbaycanın dinamik potensialı birləşəcək, iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsi təmin olunacaq. Təhsildəki hər bir əməkdaşlıq hər iki ölkənin gələcəyinə bir sərmayədir. Çünki bilirik ki, eyni dili, eyni tarixi və eyni idealları paylaşan xalqlar ortaq təhsilin işığında daha da güclənir.

– Türkiyənin Bakı Türk Anadolu Liseyi, Azərbaycanın isə Heydər Əliyev Orta Məktəbi var. İki ölkənin nazirliklərinə bağlı bu tip məktəblərin qarşılıqlı şəkildə artırılması planlaşdırılırmı?

– Türkiyənin Bakı Türk Anadolu Liseyi, Azərbaycanın Heydər Əliyev Orta Məktəbi… Bunlar iki qardaş ölkə arasındakı dostluğun və ortaq kimliyin simvollarıdır. Bu təhsil ocaqları Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin gələcək nəsillərə ötürülməsində çox mühüm rol oynayır. Gənclərimizin bir-birini daha yaxından tanımasına, ortaq dəyərlərimizi kəşf etməsinə və qardaşlığımızın möhkəmlənməsinə töhfə verir.

1992-ci ildən bəri Bakı Türk Anadolu Liseyimiz bu missiyaya xidmət edir. Azərbaycan tərəfi də son imzaladığımız Əlavə Protokol ilə İstanbulda öz təhsil müəssisəsini açmaq imkanı qazandı. Bu inkişaf qarşılıqlı məktəb sayının artırılmasının da qarşısını açdı. Biz bu məktəbləri iki ölkənin gələcəyini bir-birinə bağlayan körpülər kimi görürük. Buna görə də qarşıdakı dövrdə bu cür təhsil müəssisələrinin sayını artırmağı, münasibətlərimizi daha da dərinləşdirəcək çox dəyərli bir addım hesab edirik.

– Türkiyə Azərbaycanda peşə liseyləri açmağı planlaşdırırmı?

– Türkiyə ilə Azərbaycan arasında peşə təhsili sahəsindəki əməkdaşlıq digər bütün sahələrdə olduğu kimi, strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq mühüm addımlar atmışıq, lakin bunu kifayət hesab etmirik.

2021-ci ildə imzaladığımız protokolla Azərbaycanda iki peşə təhsili müəssisəsinin açılması barədə razılıq əldə etmişik. Daha sonra imzaladığımız Əlavə Protokol və ona əlavə olunan “Peşə təhsili müəssisələri çərçivə qaydaları” ilə birgə təhsilin həyata keçirilməsi üçün hüquqi baza yaradılıb. Hazırda bu təhsil müəssisələrinin müəyyənləşdirilməsi və birgə tədris prosesinin həyata keçirilməsi üçün son mərhələyə gəlmişik.

Planlaşdırdığımız məktəblərdə informasiya texnologiyaları, qonaqpərvərlik və səyahət xidmətləri, mebel və interyer dizaynı, dəb dizayn texnologiyaları və iaşə xidmətləri sahələrində təhsil veriləcək. Yəni iki ölkənin gənclərini birbaşa məşğulluğa və istehsala hazırlayacaq güclü bir peşə təhsili modeli qururuq. Son Azərbaycan səfərimiz zamanı nazir Emin Əmrullayevlə bu mövzunu ətraflı müzakirə etdik və Qarabağ Universitetində imzaladığımız əlavə protokolla əməkdaşlığımızı daha da dərinləşdirdik.

Qısacası, Türkiyənin peşə liseyləri açmaq məqsədi sadəcə bir niyyət deyil. İmzalanmış protokollar və həyata keçirilən konkret layihələr bu prosesi artıq praktik müstəviyə keçirmiş vəziyyətdədir.

– Türkiyə və Azərbaycan arasında “Qardaş məktəb” proqramları hazırlanır. Amma bəziləri əməkdaşlığın yetərli olmadığını bildirirlər. “Qardaş məktəb” layihəsini daha da gücləndirərək iki ölkənin məktəblərini və uşaqlarını necə bir-biri ilə əlaqələndirə bilərik?

– “Qardaş məktəb” proqramı iki ölkənin uşaqlarını və müəllimlərini eyni masa arxasında birləşdirən, könül körpülərini gücləndirən çox dəyərli bir mexanizmdir. Hazırda Türkiyədən 37 məktəb Azərbaycandakı tərəfdaş məktəbləri ilə birləşdirilib. 2024 və 2025-ci illərdə müəllim və şagirdlərimiz qarşılıqlı səfərlər edərək bu qardaşlığı konkret layihələrlə daha da möhkəmləndirdilər. Məsələn, Məmməd Əmin Rəsulzadə Anadolu Liseyimizlə Bakı Türk Anadolu Liseyimiz “Qardaş nəğmələr, qardaş rəqslər, qardaş ədəbiyyatlar” adlı birgə layihə həyata keçirdilər.

Yunus Əmrə İnstitutunun dəstəyi ilə gerçəkləşən bu layihə çərçivəsində iki məktəbdən ümumilikdə 14 şagird və 6 müəllim qarşılıqlı ziyarətlər etdi. Şagirdlər ailələrin evlərində qalaraq, real bir mədəni əlaqə təcrübəsi yaşadılar. Bu prosesdə səfirliklərimizdən tutmuş TİKA-ya qədər bir çox qurum iştirak etdi, səfərlər, muzey gəzintiləri və sonda rəmzi tədbirlər təşkil olundu.

Eyni şəkildə, Bakı Türk Anadolu Liseyi ilə Eskişehir Odunpazarı Anadolu İmam Hatip Liseyi də qarşılıqlı səfərlər həyata keçirdi. Hər iki ölkədə keçirilən bu ziyarətlər zamanı şagirdlər tarixi, mədəni və bədii məkanları birlikdə gəzərək ortaq təcrübə əldə etdilər.

Bundan başqa, Antalya Manavgat Gənclik Mərkəzi ilə Bakı Gənclik Mərkəzi birgə “Türk dünyası uşaqları ilə 23 Aprel bayramı” adlı tədbir təşkil etdilər. 12 nəfərlik nümayəndə heyəti Bakıda keçirilən bayramlara qatıldı, beləliklə ortaq irsimiz bir daha vurğulandı və gənclərimizin könül bağları daha da möhkəmləndi. Gənclərimiz bu layihələr vasitəsilə həm ortaq tarix və mədəniyyətlərini kəşf edir, həm də yeni dostluqlar qururlar.

Məqsədimiz bu proqramları daha sistemli və davamlı hala gətirməkdir. İstəyimiz yalnız müəyyən dövrlərdə görüşən məktəblər deyil, ilboyu bir-birini tanıyan, birlikdə yaradan və ortaq dəyərləri paylaşan şagirdlər yetişdirməkdir. İnanıram ki, Türkiyə və Azərbaycan uşaqlarının birlikdə atdığı hər addım bütün Türk dünyasının gələcəyinə edilən bir sərmayədir.

– Siz bir neçə dəfə Azərbaycana səfər etmisiniz. Azərbaycanın bölgədə və dünyadakı mövqeyini necə qiymətləndirirsiniz?

– Mən hər dəfə Azərbaycana səfər etdikdə eyni hissi yaşayıram: Azərbaycan bizim öz doğma qardaşımızdır. “Bir millət, iki dövlət” anlayışı sadəcə bir şüar deyil, bu, ortaq dilimizin, tariximizin, mədəniyyətimizin və ortaq taleyimizin reallığıdır. Azərbaycan xüsusilə son illərdə bölgədə çox güclü bir aktora çevrilib. Siyasi və iqtisadi sahələrdə nümayiş etdirdiyi qətiyyətli mövqe regional sabitliyə mühüm töhfə verir. Bu mövqeyin beynəlxalq səviyyədə də qarşılıq tapdığını görürük.

Türkiyə olaraq biz həmişə bu duruşun yanında olmuşuq və olmağa davam edəcəyik. Bu səbəbdən Azərbaycanın həm bölgədə, həm də dünyada oynadığı rolu bizim qardaşlığımızın və əməkdaşlığımızın zəmanəti kimi qiymətləndirirəm. Biz də “Türkiyə əsri” vizyonu ilə eyni qətiyyəti paylaşır və bu ortaq gələcəyi birlikdə inşa edirik.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin