https://innews.media/uploads/news/2025-11/_innews_e5cb5a5eb0e8ffbea62748ce5_o.jpg
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Kapital Bank Açıq Səhmdar Cəmiyyəti və Urban Crew MMC-nin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası üzrə şəkərli diabetdən əziyyət çəkən uşaqlar üçün 10–12 noyabr tarixlərində Bakı şəhərində "Diabet Mənim Dostumdur” adlı düşərgə keçirilib.
Düşərgənin məqsədi şəkərli diabetli uşaqların maarifləndirilməsi, sağlam həyat tərzinin təşviqi, həmçinin onların psixoloji dəstəklə təmin olunması olub. Proqram çərçivəsində uşaqlar üçün müxtəlif maarifləndirici sessiyalar, əyləncəli tədbirlər və psixoloji müsahibələr təşkil edilib. Eyni zamanda qidalanma qaydaları barədə məlumatlar verilib, eyni zamanda valideynlərin maarifləndirilməsi üçün ayrıca təlimlər təşkil edilib.
İki gün davam edən proqramın sonunda düşərgənin yekun tədbiri baş tutub. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparatının rəhbəri Xavər Babayeva açaraq layihənin əhəmiyyətindən danışıb, həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən diabetli uşaqlar üçün Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib.
Daha sonra layihənin təşkilatçılarından olan Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Murad Sevdimalıyev çıxış edib. Ardınca həkim-endokrinoloq Azad Əkbərzadə çıxış edərək düşərgənin təşkilində fəal iştirak edən tibb işçilərinin əməyini yüksək qiymətləndirib.
Tədbirdə düşərgənin iki gün ərzində keçirilən fəaliyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib. Sonda layihədə iştirak edən həkimlərə təşəkkürnamələr, uşaqlara isə sertifikatlar təqdim olunub. Yekunda uşaqlar üçün xüsusi hazırlanmış tort kəsilib.
Qeyd edək ki, bu layihə ilk dəfə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2023-cü ildə Naxçıvanda Ağbulaq İstirahət Mərkəzində həyata keçirilib.