https://innews.media/uploads/news/2025-11/_innews_df8bc4664a4f3d5f6738f4e1e_o.jpg
Oktyabr ayı ərzində həftəsonları Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin asudə vaxtlarının səmərəli təşkili, eləcə də intellektual, yaradıcı və sosial bacarıqlarının inkişafı məqsədilə Tələbə Gənclər Təşkilatı (ADPU TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK), Təhsil Könüllüləri Tələbə Birliyi (TKTB) və ADPU YENİ Klubunun təşkilatçılığı ilə çoxsaylı tədbir və layihələr həyata keçirilib.
ADPU TGT tərəfindən hər həftəsonu tələbələr üçün maarifləndirici və mədəni ekskursiyalar təşkil olunub. Tələbələr “Suraxanı” Gəmi-Muzeyinə, Qara Qarayevin ev-muzeyinə, “YARAT” Müasir İncəsənət Məkanına səfərlər ediblər. Eyni zamanda, Debat və Kitab klublarının birgə təşkilatçılığı ilə Stevan Sveyqin əsəri müzakirə olunub. Xarici Dillər Klubu tərəfindən isə ingilis dili danışıq bacarıqlarının inkişafına yönəlmiş danışıq klubları təşkil edilib.
ADPU THİK də oktyabr ayında tələbələrin hərtərəfli inkişafını hədəfləyən mühüm layihələr həyata keçirib. Oktyabrın 10-da “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş layihələr çərçivəsində təşkil olunan Şahmat turnirində 50 tələbə iştirak edib. Oktyabrın 25-də Əyləncə və Məntiq Klubunun təşkilatçılığı ilə “Xalça Muzeyi”nə ekskursiya baş tutub və 60-dan çox tələbə muzeyin zəngin kolleksiyası ilə tanış olub. Həmçinin Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib ki, burada 41 komanda (250-dən çox tələbə) biliklərini sınayıb. “Gənc Yazarlar” klubunun təşkilatçılığı ilə Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Günü” mövzusunda esse müsabiqəsi baş tutub və müsabiqədə müxtəlif fakültələrdən 30 tələbə iştirak edib. Həmçinin ADPU THİK-in təşəbbüsü ilə hər həftəsonu “Tələbədən tələbəyə dəstək” proqramı çərçivəsində dil, musiqi və dizayn dərsləri davam etdirilib.
ADPU TKTB tərəfindən oktyabr ayında tələbələrin intellektual və yaradıcı potensialının üzə çıxarılması məqsədilə “DEBÜT” və “Zəfərin Sədası” adlı intellektual yarışlar təşkil olunub. Ümumilikdə 15 komandanın iştirak etdiyi yarışlarda qaliblər diplomlarla təltif edilib. Bununla yanaşı, “Nə? Harada? Nə zaman?” formatında intellektual yarışlar, həmçinin dil və musiqi dərnəkləri çərçivəsində ingilis və rus dili, rəqs, rəsm, piano və gitara dərsləri təşkil olunub. Bu məşğələlər tələbələrin özünün rəhbərliyi, eyni zamanda, iştirakı ilə aparılıb və böyük maraqla qarşılanıb.
ADPU YENİ Klubunun oktyabr ayı fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Klubun təşkilatçılığı ilə hər həftə “Danışan Qəlblər” adlı işarət dili dərsləri həyata keçirilib və seminarlar baş tutub. Bundan əlavə, tələbələr üçün Azərbaycan Dəmir Yolu Muzeyinə ekskursiya da təşkil olunub.
ADPU-nun Meh Ədəbi Dərnəyi, YUNESKO klubu, THİK, TGT, TKTB və YENİ Klubunun təşkilatçılığı ilə həftəiçi müxtəlif məzmunlu tədbirlər həyata keçirilib. Universitetdə Müəllimlər Günü təntənəli şəkildə qeyd olunub, eyni zamanda, Zəfər Gününə, Konstitusiya və Suverenlik ilinə həsr olunmuş bir çox dəyirmi masa və layihələr baş tutub.
Oktyabr ayı ərzində ADPU-nun müxtəlif tələbə təşkilatları tərəfindən keçirilən tədbir, yarış və dərnəklərdə ümumilikdə 3000-dən çox tələbə iştirak edib. Bu fəaliyyətlər tələbələrin bilik və bacarıqlarının inkişafına, asudə vaxtlarının səmərəli keçirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə və universitetdə gənclərin sosial fəallığının artırılması məqsədilə həyata keçirilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin