https://innews.media/uploads/news/2025-11/_innews_9bbb8fb65a935686bd442fc02_o.jpg
				2025-ci il oktyabrın 31-də Qazaxıstanın paytaxtı Astanada “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Beynəlxalq Forumu keçirilib. Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev, dövlət və hökumət nümayəndələri, eləcə də dünyanın bir sıra aparıcı universitetlərinin və müxtəlif qurumların rəhbərlərinin qatıldığı Forumda Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib.
Prezident Kasım-Jomart Tokayev Forumun açılışında çıxış edərək, təhsil və elmin sərhədləri aşan, xalqları birləşdirən strateji sahələr olduğunu vurğulayıb. O, qeyd edib ki, Qazaxıstanda son illərdə elm və təhsil sahəsinə ayrılan vəsaitləri dəfələrlə artırıb, ali təhsil müəssisələrinin müstəqilliyi genişləndirilib və hazırda gənc alimlərin fəaliyyətinə xüsusi dəstək verilir.
Prezident həmçinin süni intellekt texnologiyalarının inteqrasiyası, rəqəmsal transformasiya, təhsilin beynəlmiləlləşdirilməsi və gənclərin potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən söhbət açıb. O, AI-Sana proqramı çərçivəsində artıq 540 mindən çox tələbənin süni intellekt üzrə təhsil aldığını, ölkədə AI Universitetinin açılması üzrə hazırlıqların aparıldığını bildirib. Tokayev həmçinin OpenAI şirkəti ilə əldə edilən razılaşmalara əsasən, ChatGPT texnologiyasının təhsil prosesinə inteqrasiyası istiqamətində pilot layihənin başladıldığını vurğulayıb.
Prezident çıxışında Qazaxıstanın ali təhsil ixracı mərkəzinə çevrilməsi, 100 min xarici tələbənin Qazaxıstan universitetlərinə cəlb edilməsi, universitetlərin beynəlxalq reytinqlərdə yüksəlişi, elmi tədqiqatların real sektorla inteqrasiyası və texnologiya transferi ofislərinin yaradılması kimi mühüm prioritetlərdən danışıb.
BDU-nun rektoru Elçin Babayev Forumun plenar hissəsində çıxış edərək Azərbaycan ilə Qazaxıstan arasında təhsil, elm və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs edib.
Rektor çıxışında BDU ilə Əl-Farabi adına Qazax Milli Universiteti, Satbayev Universiteti, Qumilyov adına Avrasiya Milli Universiteti, Yessenov adına Xəzər Dövlət Universiteti və Atırau Dövlət Universiteti arasında əməkdaşlığın genişləndiyini, bu əlaqələrin ənənəvi akademik mübadilədən birgə tədqiqat klasterlərinə və ikili diplom proqramlarına doğru inkişaf etdiyini qeyd edib. BDU-nun Qazaxıstan universitetləri ilə birgə fəaliyyətinin bərpa olunan enerji, rəqəmsal texnologiyalar, süni intellekt, ətraf mühitin mühafizəsi və mədəni irs tədqiqatları kimi istiqamətləri əhatə etdiyini bildirib.
Rektor çıxışında həmçinin Azərbaycan və Qazaxıstanın birgə səylərlə Türk Dünyasında yeni bilik körpüsü yarada biləcəyini vurğulayıb və bu məqsədlə Ortaq Akademik Şura, Türk Dünyası Tədqiqat və İnnovasiya Fondu, Gənc Alimlər Şəbəkəsi kimi təşəbbüslərin yaradılmasını təklif edib.
Forumda həmçinin Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sаyаsat Nurbek, Quacquarelli Symonds (QS) beynəlxalq reytinq agentliyinin prezidenti Nuntsio Kvakkarelli, Pekin Dillər və Mədəniyyət Universitetinin prezidenti Pen Duan, Cardiff Universitetinin prezidenti Vendi Larner, Woosong Təhsil Fondunun Himayədarlar Şurasının sədri Kim Son Kyonq, Minerva Universitetinin prezidenti Ben Nelson, M. Kozibayev adına Şimali Qazaxıstan Universitetinin rektoru Yerbol Isakayev və digər beynəlxalq elm və təhsil nümayəndələri çıxış ediblər.
Forum çərçivəsində iştirakçılar qlobal və regional təhsil tendensiyaları, süni intellektin təhsildə rolu, universitetlərin innovasiyalarda iştirakı və elmi diplomatiyanın gücləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.