https://innews.media/uploads/news/2025-10/_innews_9b09039914b47bd34651cb8de_o.jpg
Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “STEAM təhsil: problemlər və perspektivlər” adlı II Respublika elmi konfrans keçirilib. Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən alimlər, müəllimlər, tədqiqatçılar və tələbələr iştirak ediblər.
Konfransın açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, müasir təhsil sistemində STEAM yanaşmasının tətbiqi gələcək nəsillərin yaradıcı və analitik düşünmə bacarıqlarının inkişafı baxımından xüsusi önəm daşıyır. Rektor bildirib ki, ADPU-da fəaliyyət göstərən STEAM Mərkəzi bu istiqamətdə mühüm işlər görür və hazırda 8 ixtisas üzrə təhsil alan tələbələrə STEAM fənni tədris olunur. Mərkəzin təşkil etdiyi müxtəlif təlim və seminarlar vasitəsilə 140-a yaxın müəllim və tələbə bu sahədə bilik və bacarıqlarını artırıb.
Çıxış edən Fizika fakültəsinin dekanı, STEAM Mərkəzinin müdiri dosent Arzu Daşdəmirov konfrans haqqında məlumat verərək bildirib ki, builki tədbirə 70 iştirakçı elmi məruzə təqdim edib. Qeyd edilib ki, konfransın əsas məqsədi STEAM təhsilinin inkişafına dair elmi müzakirələr aparmaq, fənlərarası inteqrasiyanın tətbiqi təcrübələrini bölüşmək və tədrisdə innovativ yanaşmaları təşviq etməkdir.
Plenar iclasda Qazaxıstan Dövlət Pedaqoji Universitetinin dosenti Ardak Alipbek və ADPU-nun dosenti Elnurə Səfərova məruzə ilə çıxış ediblər. Onların çıxışlarında beynəlxalq təcrübələr, STEAM metodikasının tədrisdə tətbiqi mexanizmləri və interaktiv öyrənmə modelləri barədə maraqlı fikirlər səsləndirilib.
Plenar iclasdan sonra konfrans işini 4 bölmə üzrə - “STEAM və erkən təhsil: Uşaqlarda marağın formalaşdırılması”, “STEAM təhsilində fənlərin rolu və yeni pedaqoji modellər”, “Təbiət elmlərinin tədrisində STEAM yanaşması və fənlərarası inteqrasiya təcrübəsi və perspektivləri” və “Davamlı inkişaf məqsədləri. Riyaziyyat və mühəndislik dizaynı. STEAM-da hesablama və modelləşmə” üzrə bölmə iclasları ilə davam etdirib.
Konfrans iştirakçıları bu cür elmi platformaların ölkədə STEAM təhsilinin inkişafı, ali təhsil müəssisələri arasında əməkdaşlığın güclənməsi və pedaqoji kadr hazırlığı prosesinin müasirləşdirilməsi istiqamətində vacib əhəmiyyətə malik olduğunu qeyd ediblər.