Belarusun Yanka Kupala adına Milli Akademik Teatrının baş direktoru, Minsk şəhər Deputatlar Şurasının deputatı Aleksandr Şestakov Akademik Milli Dram Teatrının dəvəti ilə Azərbaycanda səfərdə olub.
Oktyabrın 19-da səfər çərçivəsində Aleksandr Şestakovun Azərbaycanda fəaliyyət göstərən teatr rəhbərləri ilə görüşü təşkil olunub. Görüş “Müasir teatr: idarəçilik, maliyyələşdirmə, dövlət dəstəyi və özəl investisiyalar” mövzusunda olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin teatr sektorunun nümayəndəsi Günay Hümbətova, Belarusun Yanka Kupala adına Milli Akademik Teatrının baş direktoru Aleksandr Şestakov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Şəki Dövlət Dram Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Elçin Cəfərov mövzu ilə bağlı çıxış ediblər. Dəyirmi masada müasir teatrda proseslər, problemlər, qarşılıqlı inteqrasiya, mövcud standartlar və müasir texnologiyaların tədbiqi müzakirə edilib.
Görüşdə Aleksandr Şestakova Teatr Xadimləri İttifaqının "Teatr xadimi" mükafatı təqdim olunub. Qonaq göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Belarusun Yanka Kupala adına Milli Akademik Teatrı arasında 19 dekabr 2024-cü il tarixində əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma əsasən, yaradıcı kollektivlərin qastrollarının, mədəniyyət günlərinin, festivalların, sərgilərin və digər mədəni tədbirlərin təşkili, mədəniyyət xadimlərindən, bədii və yaradıcı kollektivlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb. Keçirilən tədbir Memorandum çərçivəsində atılan ilk addımdır.