Mərkəzi Bankın nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində sədrin birinci müavini Əliyar Məmmədyarovun Dünya Bankı Xəzinədarlığının (DBX) Aktivlərin idarə edilməsi və məsləhət xidmətləri departamentinin direktoru Katarzina Zajdel-Kuroska ilə görüşü keçirilib.
Görüş zamanı Mərkəzi Bank ilə Dünya Bankı arasında mövcud əməkdaşlığın cari vəziyyəti yüksək qiymətləndirilib, ehtiyatların idarə edilməsi sahəsində həyata keçirilən texniki yardım proqramları, təlimlər və seminarların nəticələrindən məmnunluq ifadə olunub.
Tərəflər, həmçinin Dünya Bankının Ehtiyatlar üzrə Məsləhət və İdarəetmə Tərəfdaşlığı (RAMP) proqramı çərçivəsində investisiya idarəçiliyi, süni intellektin tətbiqi və digər aktual mövzular üzrə təlimlərin təşkili, eləcə də gələcək əməkdaşlığın daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.