https://innews.media/uploads/news/2025-10/_innews_22938f1b0569f5983194f7fe0_o.jpg
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Tech Talk” proqramı çərçivəsində “One Idea, One Step, One Change” adlı panel müzakirəsi təşkil olunub.
Tədbirin əsas məqsədi universitet tələbələri, startap həvəskarları və gənc innovatorlar arasında texnoloji düşüncənin, startap mədəniyyətinin və innovasiya yönümlü fəaliyyətin təşviq olunması, həmçinin özəl və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi olub.
Çıxış edən Universitetin Elmi işlər üzrə prorektoru Azad İbrahimov tədbirin işinə uğurlar arzu edib. Panel müzakirəsində KOBİA-nın Gəncə–Daşkəsən regional koordinatoru Anar Əliyev, “Bir Bank” ASC-nin Gəncə filialının direktoru Vüqar Paşayev və ADAU İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev iştirak ediblər. Qonaqlar öz çıxışlarında startapların inkişafında dövlət dəstəyi mexanizmləri, maliyyə institutlarının innovativ layihələrə rolu, eləcə də universitet mühitində innovasiya mədəniyyətinin formalaşması istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikirlərini bölüşüblər.
Panel çərçivəsində gənc iştirakçılar startap fəaliyyəti, maliyyə resurslarına çıxış imkanları və biznes ideyalarının reallaşdırılması ilə bağlı praktik məsləhətlər və təcrübə paylaşımları əldə ediblər. Müzakirələr zamanı “bir ideya, bir addım, bir dəyişiklik” fəlsəfəsinin innovasiya prosesindəki əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirin sonunda iştirakçılar panel çıxışçılarla interaktiv dialoq formasında fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıqlar və təşəbbüslər barədə təkliflər irəli sürüblər.
“Tech Talk” proqramı ADAU İnnovasiyalar Mərkəzi tərəfindən universitet gəncləri arasında innovativ yanaşmanı və praktik bilik mübadiləsini gücləndirmək məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mövzularda seminarlar, müzakirələr və təcrübə paylaşımları davam etdiriləcək.