Son məlumatlara görə, 20-21 oktyabr 2025-ci il tarixində Qazaxıstan Respublikasında Qazaxıstan - Azərbaycan Biznes Forumu keçiriləcək.
Bu tədbirlə əlaqadar Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev Qazaxstana səfər edəcək.
Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq, tərəflər həmçinin Ali Dövlətlərarası Şuranın iclasında da iştirak edəcəklər.
Bu mühüm görüş, həm iki qardaş ölkə arasında əməkdaşlığın strateji səviyyədə inkişafını, həm də Türk dünyasında iqtisadi inteqrasiyanın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Azərbaycan və Qazaxıstan münasibətləri təkcə diplomatik dostluqla deyil, eyni zamanda sürətlə genişlənən iqtisadi tərəfdaşlıqla da fərqlənir.
Biznes forum çərçivəsində bir sıra investisiya layihələrinin - ortaq müəssisələrin yaradılması və ticarət dövriyyəsinin artırılması istiqamətində sazişlərin imzalanması gözlənilir.
Xüsusilə kənd təsərrüfatı, logistika, sənaye, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində tərəflərin əməkdaşlığı hər iki ölkə üçün qarşılıqlı fayda yaradacaq.
Çox güman ki, Forumun əsas müzakirə mövzularından biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) olacaq. Bu layihə həm Qazaxıstan, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır.
Bakı və Aktau limanlarının birgə fəaliyyətinin genişləndirilməsi, tranzit infrastrukturunun inkişafı və yük daşımalarının artırılması istiqamətində yeni razılaşmaların əldə olunması gözlənilir.
Bu, regionun nəqliyyat sistemini möhkəmləndirəcək və Türk dünyasının vahid iqtisadi məkan ideyasına real töhfə verəcək.
Azərbaycan–Qazaxıstan əlaqələri yalnız ikitərəfli maraqlar çərçivəsində deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) kontekstində strateji əhəmiyyət daşıyır.
Forumda imzalanacaq sənədlər Türk dünyasında bazar inteqrasiyasının, enerji əməkdaşlığının və ticarət əlaqələrinin yeni mərhələsini başlada bilər.
Bu səfər, əslində, Türk dövlətlərinin gələcək iqtisadi-siyasi birliyinin formalaşmasında mühüm mərhələ kimi qiymətləndirilir.
Qazaxıstan neftinin Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxarılması, Xəzər dənizi üzərindən enerji tranziti və “yaşıl enerji” layihələri iki ölkənin əməkdaşlığında prioritet mövzulardandır.
Biznes forum çərçivəsində bərpa olunan enerji, alternativ mənbələrin istifadəsi və innovativ texnologiyaların tətbiqi ilə bağlı konkret layihələrin təqdim olunacağı gözlənilir.
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev arasında qurulmuş səmimi münasibətlər - iki ölkə arasında sabitlik, qarşılıqlı etimad və strateji tərəfdaşlıq ruhunu daha da möhkəmləndirir.
Hər iki liderin uzaqgörən siyasəti sayəsində Azərbaycan və Qazaxıstan arasında həm siyasi, həm iqtisadi, həm də mədəni əlaqələr yüksələn xətlə inkişaf edir.
Qazaxıstan - Azərbaycan Biznes Forumu, əslində, Türk dünyasında yeni iqtisadi mərhələnin başlanğıcı olacaq.
Bu görüşdən təkcə iki ölkə arasında deyil, ümumilikdə Orta Asiya və Qafqaz regionunda iqtisadi sabitlik, qarşılıqlı etimad və birgə inkişaf baxımından ciddi nəticələr gözlənilir.
Oktyabrın 20-21-də keçiriləcək bu forumun nəticələri həm Türk dövlətləri arasında iqtisadi birliyin dərinləşməsinə, həm də Bakı - Astana strateji xəttinin daha da güclənməsinə yol açacaq.
Müəllif: Qəvami Sadıqbəyli, Azərbaycan.