logo
Naxçıvan şəhərində “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi çərçivəsində hazırlanmış kitabın təqdimat mərasimi keçirilib

Naxçıvan şəhərində “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi çərçivəsində hazırlanmış kitabın təqdimat mərasimi keçirilib

Naxçıvan şəhərində “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi çərçivəsində hazırlanmış kitabın təqdimat mərasimi keçirilib Naxçıvan şəhərində “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi çərçivəsində hazırlanmış kitabın təqdimat mərasimi keçirilib

16 oktyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, “Naxçıvan Qaziləri” İctimai Birliyi və Heyran xanım adına “Zərif Qadınlar” Ədəbi Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü” və “Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş Azərbaycan şəhidləri haqqında yazılmış “1 şəhid, 1 hekayə, 1 şeir” kitabının təqdimat mərasimi keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səsləndirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulu Asip Kaya və əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, AMEA Naxçıvan Bölməsinin əməkdaşları, kitabın Türkiyə Respublikasından olan müəllifləri, eləcə də dövlət qurumlarının nümayəndələri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Təbriz Zeynalov, Heyran xanım adına “Zərif Qadınlar” Ədəbi Birliyinin rəhbəri, yazıçı-publisist Təranə Arifqızı, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov, kitabın Azərbaycan üzrə koordinatorları Namiq Müslimov və İlhamə Müslimova, yazar Sevinc Azadlı və Könül Ordubadi, türkiyəli yazarlar  İbrahim Şaşma, Yaren Atalar, Ebru Eroğlu şəhidlərin qəhrəmanlıqları ilə xalqımızın yaddaşındakı əbədi iz qoyduqlarını qeyd ediblər.

Çıxışlarda vurğulanıb ki, şəhidlərimizin qəhrəmanlığı Vətən sevgisinin, fədakarlığın və milli birliyin rəmzidir. Onların keçdiyi igidlik yolu bu xalqın şərəf tarixidir və bu gün azad, güclü Azərbaycanın təməlində məhz o qəhrəman ruh dayanır. “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi bu borcun mənəvi ifadəsi, şəhidlərin həyat yolunun ədəbi yaddaşda yaşadılmasının nümunəsi kimi qiymətləndirilib.

Qeyd olunub ki, belə layihələr gənc nəsillərə milli ruhu, vətənpərvərlik duyğusunu aşılayır, şəhid ailələrinə mənəvi dayaq olur və bir daha göstərir ki, Vətən uğrunda canından keçən igidlər heç zaman unudulmur.

Tədbirdə şəhidlərin həyatını əks etdirən vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, videoçarxlar nümayiş olunub, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kursantları tərəfindən vətənpərvərlik mövzusunda və Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən isə kitabda şəhidlərimiz haqqında yazılmış şeirlər səsləndirilib.

Tədbirin sonunda şəhid ailələrinə “Bir Şəhid, Bir Hekayə, Bir Şeir” kitabı, kitabın Türkiyə Respublikasından olan müəlliflərinə isə Azərbaycan xalqının qürur və birliyinin rəmzi olan “Dəmir Yumruq” suveniri təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin