https://innews.media/uploads/news/2025-10/_innews_18207d6956aa12296e5940898_o.jpg
Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin (TKTB) təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "Hər könüldə yerin var" adlı bədii tədbir keçirilib. Tədbirdə ADPU-nun tədris işləri üzrə prorektoru dos. Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru prof. Fikrət Rzayev nitqində bildirib ki, müəllimlik peşəsi insan həyatına yön verən, gələcək nəsillərin formalaşmasında əsas rol oynayan ən müqəddəs peşələrdən biridir. O vurğulayıb ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkənin əsas müəllim hazırlayan elm və təhsil ocağıdır. Məhz bu səbəbdən Beynəlxalq Müəllimlər Gününün məhz ADPU-da geniş şəkildə qeyd olunmasının xüsusi əhəmiyyəti vardır. Prof. Fikrət Rzayev çıxışında gənclərə müraciət edərək onlara müasir bacarıqlara yiyələnməyi, daim üzərlərində çalışaraq yaxşı müəllim, vətənpərvər ziyalı kimi yetişməyi tövsiyə edib. O, həmçinin Təhsil Könüllüləri Tələbə Birliyinin fəaliyyətindən bəhs edərək, bu təşkilatın gənclərin potensialını üzə çıxarmaq, onların sosial fəallığını artırmaq və müəllimlik peşəsinə marağını gücləndirmək baxımından mühüm rol oynadığını qeyd edib.
Təhsil Könüllüləri Tələbə Birliyinin sədri Aydan Süleymanlı çıxış edərək universitetin professor-müəllim heyətini və gələcəyin müəllimi olan tələbələri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. A. Süleymanlı tədbir haqqında ətraflı məlumat verib, proqram çərçivəsində tələbələrin hazırladığı maraqlı çıxışların və bədii kompozisiyaların təqdim olunacağını bildirib və gəncləri tədbirin gedişində fəal iştirak etməyə çağırıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Bu hissədə tələbələrin hazırladıqları müxtəlif musiqi və rəqs kompozisiyaları ifa olunub, milli filmlərdən səhnəciklər nümayiş etdirilib.
Eyni zamanda əyləncəli viktorinalar təşkil edilib. Müğənni Ayaz Babayev və skripka ifaçısı Nahid Rüstəmli ifaları ilə tədbirə rəng qatıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin