https://innews.media/uploads/news/2025-10/_innews_5b41ff7cc0d327cd47790e853_o.jpg
Oktyabr 10-da Lənkəranda Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçirilib.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.
Lənkəran Dövlət Universitetində keçirilən təqdimat mərasimində Tahir Əmiraslanov bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərçivəsində ərsəyə gətirilən kitab 208 səhifədən ibarət, nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş, 1913–1922-ci illərdə isə orada yemək və şirniyyat dükanının sahibi olmuş usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilib. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, miniatürlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığında rəssam Nigar Əliyevanın rəsm əsəri əks olunub. Kitab həm alimlər, tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir.
“XIX əsr İrəvan mətbəxi” kitabı həm də İrəvandakı tarixi varlığımızın bir sübutudur.
Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva tərəfindən yazılıb.
Rəyçilər: texnika elmləri doktoru, professor, LDU-nun rektorunun müşaviri Mikayıl Məhərrrəmov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova və “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhrəmovdur.
Tədbirdə çıxış etdilər:
- LDU-nun tədris məsələləri üzrə prorektoru Zaur Məmmədov tədbiri açaraq çıxış etdi.
- Kitabın müəllifi əməkdar mədəniyyət işçisi t.ü.f.d. Tahir Əmiraslanov geniş məruzə ilə çıxış etdi.
- AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Qaraxanoğlu kitabı müsbət dəyərləndirərək milli mətbəxlərin tədqiqatında dilçiliyin və folklor elementlərinin təhlilinin vacib rol oynadığını vurğuladı.
- LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, t.ü.f.d., dosent Kamal Mahmudov kitabın tarixi-siyasi əhəmiyyətini, mənbə kimi vacibliyini söylədi və kitabın tarixi etnoloji təhlilini açıqladı.
Tədbirdə, kitabın səhifələrində yer alan Lənkəranlı rəssam Təhmasib Məcidovun rəsmlərindən ibarət, bəzi əsərləri də təqdim olunan sərgi qonaqlar üçün böyük maraq doğurdu.
Tədbirdə 120 nəfər alim, mütəxəssis və tələbə, Regional Mədəniyyət idarəsi də iştirak edirdi.
Sonda kitabların imzalanma mərasimi keçirildi.
Qazaxıstandan gələn iki tələbəyə də hədiyyə olaraq kitab təqdim edildi.
AMKA LDU-nun rəhbərliyinə və tədbirin yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirir.