https://innews.media/uploads/news/2025-10/_innews_e1aba6e1c014724473a9a7297_o.jpg
2025-ci il oktyabrın 6-7-də Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısı, təşkilatın strateji inkişafı və regionda yeni əməkdaşlıq perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb etdi. Zirvə toplantısında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı bir sıra vacib təşəbbüslər irəli sürdü və Türk dünyasında həmrəylik ruhunu gücləndirən konkret addımlar təklif etdi.
Prezident Tokayev vurğuladı ki, “Türk xalqları hər zaman ortaq köklərlə bir-birinə bağlı olublar. Bu, həmrəyliyimizin aydın göstəricisidir.” Bu sözlər TDT-nin yalnız siyasi əməkdaşlıq deyil, həm də mədəni və humanitar əlaqələrin möhkəmlənməsi üçün platforma olduğunu göstərir.
Tokayevin təqdim etdiyi təşəbbüslər arasında "TDT+" formatı xüsusi diqqət çəkir. Bu format təşkilatın nüfuzunu artırmaqla yanaşı, üzv ölkələrin birgə fəaliyyət imkanlarını genişləndirəcək.
Eyni zamanda, Kiber Təhlükəsizlik Şurasının yaradılması təklifi rəqəmsal dövrdə üzv dövlətlərin təhlükəsizlik sahəsində koordinasiyasını gücləndirəcək.
Regionun iqtisadi inkişafına dair məsələlər də zirvədə diqqət mərkəzində oldu. Prezident Tokayev Xəzər dənizindəki vəziyyətin yaxşılaşdırılması və Transqazaxıstan dəmir yolu layihəsi üzərində birgə işləməyi vacib addım kimi qeyd etdi. Bu təşəbbüslər yalnız regional inteqrasiyanı deyil, həm də iqtisadi əlaqələrin şaxələndirilməsini təmin edəcək.
Texnologiya və innovasiya sahəsində atılacaq addımlar da önəmlidir. Tokayev süni intellekt texnologiyalarından səmərəli istifadənin zəruriliyini vurğuladı və rəqəmsal monitorinq mərkəzinin yaradılmasını təklif etdi. Məqsəd tam rəqəmsal dövlət qurmaqdır. Həmçinin Rəqəmsal İnnovasiyalar Mərkəzi vasitəsilə süni intellekt , innovasiyalar sahəsində təcrübə mübadiləsi və investisiya cəlbi təmin olunacaq. Növbəti zirvə
toplantısının süni intellekt və rəqəmsal inkişaf mövzusuna həsr olunması isə Türk dövlətlərinin texnoloji gələcəyi üçün strateji əhəmiyyət daşıyır.
Ümumilikdə, Qəbələdə keçirilən 12-ci Zirvə toplantısı -- Türk dövlətləri arasında həmrəylik, innovasiya və regional əməkdaşlıq baxımından yeni üfüqlər açır.
Prezident Tokayevin irəli sürdüyü təşəbbüslər yalnız təşkilatın gücünü artırmaqla kifayətlənmir, həm də üzv ölkələrin müasir çağırışlara cavab verə biləcək strateji platforma formalaşdırmasına xidmət edir.
TDT-nın növbəti Zirvə görüşü Türk dünyasının gələcəkdə daha sıx, əlaqəli, innovativ və rəqəmsal texnologiyalardan maksimum dərəcədə istifadə edən bir regiona çevriləcəyinə ümidləri artırır.
Müəllif: Qəvami Sadıqbəyli