logo
Pedaqoji Universitetdə “Vətən mənə oğul desə...” adlı konfrans keçirilib

Pedaqoji Universitetdə “Vətən mənə oğul desə...” adlı konfrans keçirilib

Pedaqoji Universitetdə “Vətən mənə oğul desə...” adlı konfrans keçirilib Pedaqoji Universitetdə “Vətən mənə oğul desə...” adlı konfrans keçirilib

Sentyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində 27 Sentyabr – Anım Günü münasibətilə Vətən müharibəsinə həsr edilmiş “Vətən mənə oğul desə...” adlı Respublika elmi-praktik konfransı keçirilib. Konfransda universitet rəhbərliyi, müvafiq sturukturların rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov açılış nitqində vurğulayıb ki, 2020-ci il 27 sentyabrda erməni separatçılarının genişmiqyaslı təxribatlarına cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində Azərbaycanın tarixi zəfəri ilə nəticələndi. Bu qələbə Ali Baş Komandanın müdrik rəhbərliyi və Azərbaycan Ordusunun misilsiz igidliyi sayəsində işğal altında olan torpaqlarımızın azad olunması ilə yadda qaldı. Professor əlavə edib ki, 44 günlük mübarizənin kökləri daha dərin tarixi proseslərə əsaslanır. Qarabağ münaqişəsinin gərginləşdiyi, torpaq itkilərinin baş verdiyi dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və uzaqgörən siyasəti nəticəsində dövlət quruculuğu möhkəmləndirildi, atəşkəs imzalanaraq ordu quruculuğuna və ölkənin hərbi potensialının artırılmasına şərait yaradıldı. Əsrin müqaviləsi ilə iqtisadi inkişafın təməli qoyuldu və hərbi sənaye sahəsində ciddi irəliləyişlər əldə edildi.

Prorektor çıxışında həmçinin qeyd edib ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə xalqın etimadını qazanaraq dövlət başçısı seçildiyi gündən verdiyi vədlərə sadiq qalıb. Nəticədə, 17 il sonra Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi, işğal altında olan torpaqlar geri qaytarıldı. 2023-cü ildə keçirilən qısamüddətli lokal antiterror əməliyyatları isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulması planlarını tamamilə iflasa uğratdı və ölkənin suverenliyi tam təmin olundu.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova “Qarabağ müharibəsində qələbənin bədii ədəbiyyatda təcəssümü” mövzusunda geniş məruzəsində qeyd edib ki, 2020-ci ildə qazanılmış Vətən müharibəsi zəfəri təkcə siyasi və hərbi arenada deyil, həm də milli ədəbiyyatımızın mövzu dairəsində mühüm dönüş nöqtəsinə çevrilib. O, vurğulayıb ki, müasir Azərbaycan ədəbiyyatı bu tarixi qələbəni yalnız faktoloji səviyyədə deyil, dərin bədii-fəlsəfi məzmunla əks etdirir, xalqın milli ruhunu, mübarizə əzmini və qəhrəmanlıq salnaməsini sənətkarlıqla təqdim edir.

Mahirə Hüseynova müasir yazılmış romanlar, poemalar, pyeslər və poeziya nümunələrinə istinad edərək, bu əsərlərdə Vətən müharibəsinin qəhrəmanları, şəhidlərimizin fədakarlığı və Ali Baş Komandanın müdrik liderliyi yüksək sənətkarlıqla təsvir olunduğunu diqqətə çatdırıb. O, belə nümunələrin gənc nəslin vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını, milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm ideoloji mənbə rolunu oynadığını diqqətə çatdırıb.

Konfransın davamında Azərbaycan tarixi kafedrasının professoru Xaqani Məmmədov “Qarabağ müharibəsində qələbə və onun tarixi dərsləri”, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov “Zəfər və gənc nəslin tərbiyəsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Daha sonra konfrans işini digər çıxış və müzakirələrlə davam etdirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin