logo
Milli Qurtuluş Günü - Xilasa aparan yolun adı

Milli Qurtuluş Günü - Xilasa aparan yolun adı

Milli Qurtuluş Günü - Xilasa aparan yolun adı Milli Qurtuluş Günü - Xilasa aparan yolun adı

Tariximizin elə dönəmləri var ki, xalq olaraq varlığımızı, dövlət olaraq gələcəyimizi borclu olduğumuz böyük dönüş nöqtələridir. 15 iyun – Milli Qurtuluş Günü məhz bu qəbildəndir. Sadəcə təqvimdə qeyd olunan bir tarix deyil, bir xalqın yenidən ayağa qalxmasının, bir dövlətin uçurumun kənarından xilas olmasının və lider-millət birliyinin parlaq nümunəsidir.

1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini yenicə qazanmış, lakin daxildə və xaricdə böyük təzyiqlərlə qarşı-qarşıya qalmış bir ölkə idi. Qarabağda işğal, ölkə daxilində xaos, iqtisadi gerilik, siyasi boşluq… Dövlət idarəolunmaz vəziyyətdə idi. Xalqın ümidi sönürdü.

Məhz belə bir zamanda – 1993-cü ilin iyununda xalq, ümidini, iradəsini bir nəfərdə cəmlədi: Heydər Əliyevdə. Bu çağırış sadəcə siyasi dəvət deyildi – bu, bir millətin harayı, xilası üçün qopan səs idi. Və o çağırış cavabsız qalmadı. Heydər Əliyev Bakıya qayıtdı və 15 iyun tarixində Ali Sovetin sədri seçildi. Elə həmin gündən ölkənin taleyi dəyişdi.

O gündən başlayaraq Azərbaycan yenidən nəfəs aldı. Sabitlik, təhlükəsizlik, ordu quruculuğu, iqtisadi dirçəliş, beynəlxalq münasibətlərdə etibar – hər şey tədricən bərpa olundu. İnsanlar dövlətə inandı, sabaha ümidlə baxdı. Və o ümidlə inşa olunan gələcək bu günkü güclü Azərbaycanın təməli oldu.

Bizim yaddaşımızdan heç zaman silinməməlidir: əgər o gün Heydər Əliyev qayıtmasaydı, bəlkə də bu gün biz müstəqil Azərbaycan haqqında danışa bilməzdik.

Bu gün Milli Qurtuluş Gününü qeyd etmək sadəcə keçmişi anmaq deyil. Bu, həm də bizə bir mesajdır: dövlətçilik, birlik və liderlik olmadan gələcək olmaz. Biz bu dəyərləri qoruduqca, bu ruhu yaşatdıqca yolumuz aydındır.

Ulu Öndər Heydər Əliyevi ehtiramla yad edir, onun qoyduğu siyasi irsin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini görməkdən qürur duyuruq. 30 il öncə xilas olunan Azərbaycan bu gün Zəfər çalmış, bölgədə söz sahibi olan bir dövlətdir.

Qoy bu gün – 15 iyun – həmişə bizə xatırlatsın ki, xalq-lider birliyi olduqca, Azərbaycan daim yaşayacaq!

Şahin Əliyev,
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media