logo
“Kid-Kod” layihəsinin yekun-hesabat və bağlanış mərasimi keçirildi

“Kid-Kod” layihəsinin yekun-hesabat və bağlanış mərasimi keçirildi

“Kid-Kod” layihəsinin yekun-hesabat və bağlanış mərasimi keçirildi “Kid-Kod” layihəsinin yekun-hesabat və bağlanış mərasimi keçirildi

Salyan rayonu, Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbində reallaşdırılan “Kid-Kod” layihəsinin yekun-hesabat və bağlanış mərasimi böyük maraq və yüksək əhval-ruhiyyə ilə keçirildi. Tədbirdə layihənin gedişatı, əldə olunan nəticələr və iştirakçıların uğurları ictimaiyyətə təqdim olundu.

Layihə çərçivəsində ibtidai sinif şagirdlərinə kompütersiz (unplugged) yanaşma ilə ilkin kodlaşdırma bacarıqları aşılanaraq, onların alqoritmik düşüncə, məntiqi analiz və problemhəll etmə vərdişlərinin inkişafına nail olundu. İstifadə olunan Matatalab robot dəstləri vasitəsilə uşaqlar kompüterdən istifadə etmədən proqramlaşdırmanın əsas prinsiplərini əyani şəkildə öyrəndilər. Bu, texnoloji resursları məhdud olan məktəblər üçün innovativ və əlçatan bir həll olaraq layihəni daha da dəyərli etdi.

Layihənin əsas hissələrindən biri olan “RoboKids” qiymətləndirmə yarışı xüsusilə diqqət çəkdi. Yarışda ümumilikdə 16 komanda üzrə 55 nəfər ibtidai sinif şagirdi (1–4-cü siniflər) iştirak edərək təlimlərdə öyrəndikləri bilik və bacarıqları nümayiş etdirdilər. Hər sinif üzrə I, II, III və IV yerlərə layiq görülən komandalar sertifikat, medal və kuboklarla təltif olundu. Bu yarış, şagirdlərin kodlaşdırma, məntiqi düşüncə və komandada işləmə bacarıqlarını tətbiq etmələri üçün əla bir platformaya çevrildi.

Tədbirdə layihənin rəhbəri Zeynəb Məmmədli, layihə rəhbərinin köməkçisi Nurəddin Babayev, layihənin təlimçisi Telli Hüseynova, eləcə də qonaqlar çıxış edərək layihənin məqsədyönlü, planlı və uğurlu icrasını yüksək qiymətləndirdilər. Onlar, “Kid-Kod”un regionda rəqəmsal təhsilin inkişafına verdiyi töhfəni vurğulayaraq, bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd etdilər.

Bağlanış tədbirinin sonunda iştirakçılara xoş anlar yaşadan bədii hissə təqdim olundu. Salyan rayonu Qarabağlı kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri müxtəlif rəqs nömrələri ilə tədbirə rəng qatdılar və layihə iştirakçılarını təbrik etdilər. Bu çıxışlar tədbirin emosional və ruhlandırıcı atmosferini daha da gücləndirdi.

“Kid-Kod” layihəsi sübut etdi ki, sadə və yaradıcı üsullarla, texnologiya ilə erkən yaşda tanışlıq mümkündür. Kompütersiz kodlaşdırma təlimləri vasitəsilə uşaqlarda rəqəmsal savadlılıq, yaradıcı yanaşma və gələcəyə yönəlmiş bacarıqlar uğurla formalaşdırıldı.

Xatırladırıq ki, “Kid-Kod” qrant layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş və təhsilverən Zeynəb Məmmədli tərəfindən Salyan rayonu Həsən Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbində icra olunmuşdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin