https://innews.media/uploads/news/2025-05/_innews_aa1fb2bbf39cc05dd7dd4d3fd_o.jpg
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüş keçirib.
Diplomat Qazaxıstan Respublikası Parlamentinin Majilisinin Sədri Yerlan Koşanov adından 11-12 iyun 2025-ci il tarixlərində Astana şəhərində keçiriləcək TürkPA-nın 14-cü plenar sessiyasına dəvəti təqdim edib.
A. Bayel Qazaxıstan-Azərbaycan münasibətlərinin yüksək dinamikasını, ticarət-iqtisadi və nəqliyyat-logistika əlaqələrinin möhkəmlənməsini, həmçinin parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Səfir TürkPA-nın fəaliyyətinin effektivliyinin artırılmasının, onun daha da institusionallaşdırılmasının və nüfuzlu beynəlxalq parlamentlərarası təşkilat kimi gücləndirilməsinin zəruriliyi barədə Qazaxıstan tərəfinin mövqeyini qeyd edib.
S. Qafarova dəvəti qəbul edərək, ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən birinin qanunverici orqanların qarşılıqlı əlaqəsi olduğunu bildirib.
Spiker məmnunluqla vurğulayıb ki, Azərbaycan Milli Məclisi Qazaxıstan Respublikası Parlamentinin Majilisi və Senatı ilə sıx əlaqələri dəstəkləyir. S. Qafarova 2024-cü ildə dövlət səfəri zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Parlamentinə səfərini səmimiyyətlə xatırlayıb.
Bundan əlavə, ölkələr arasında dostluq deputat qrupunun fəaliyyət göstərdiyi, deputatların qarşılıqlı səfərlərinin həyata keçirildiyi və beynəlxalq parlament təşkilatlarının platformalarında müntəzəm görüşlərin təşkil olunduğu qeyd olunub. Milli Məclisin Sədri TürkPA-nın fəaliyyətinin birgə təkmilləşdirilməsinə hazır olduqlarını bildirib.
Görüşdə əməkdaşlığın gələcək mərhələləri, o cümlədən Qazaxıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.