logo
Faşizm üzərində Qələbənin 80-ci ildönümü Varşavada qeyd olunub

Faşizm üzərində Qələbənin 80-ci ildönümü Varşavada qeyd olunub

Faşizm üzərində Qələbənin 80-ci ildönümü Varşavada qeyd olunub Faşizm üzərində Qələbənin 80-ci ildönümü Varşavada qeyd olunub

9 May - Qələbə Gününün 80-ci ildönümü Polşada faşizmlə mübarizədə fərqlənmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı başında qeyd olunub. Anım mərasimində Azərbaycanın Polşadakı Səfirliyinin və bu ölkədə fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəliyi aparatının rəhbər və əməkdaşları, Türkiyə və Özbəkistanın Polşadakı səfirləri, Qazaxıstan səfirliyinin hərbi attaşesi, həmçinin Polşanın Müsəlman Dini Birliyinin nümayəndələri iştirak ediblər.

Səfir Nərgiz Qurbanova faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının tarixi rolundan bəhs edib, istər ön, istərsə də arxa cəbhədəki qəhrəmanlıq və fədakarlığından danışıb. Qeyd olunub ki, Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhədə 681 mindən çox oğlu və qızı, o cümlədən 10 mindən çox qadın ilə iştirak edib və onların yarıdan çoxu döyüş bölgələrində ya həlak olub, ya da itkin düşüb. Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi yaradılmış, milli atıcı diviziyaları Qafqazın ətəklərindən Pribaltikaya, Şərqi Avropaya və Berlinə qədər gedib çatıb. İgidliyinə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb və 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.

Səfir vurğulayıb ki, Azərbaycan xalqı yanacaq təmin etməklə Qələbəyə əvəzsiz töhfə verib. 1941-1945-ci illər ərzində Sovet İttifaqında hasil edilən neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində azərbaycanlı kimyaçı Yusif Məmmədəliyev doqquz növ təyyarə üçün 38 növ yanacaq, səkkiz növ dizel, müxtəlif benzin birləşmələri istehsalını təşkil edib, habelə strateji yüksək oktanlı təyyarə yanacağını ixtira edib.

Azərbaycan xalqının arxa cəbhədə misilsiz əmək şücaətlərini də vurğulayan N.Qurbanova azərbaycanlıların ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışdıqlarını, cəbhəyə 7 tondan çox donor qan göndərdiyini, eyni zamanda döyüş hissələrinin ərzaq və isti geyimlə təmin olunmasında xüsusi fərqləndiyini qeyd edib.

Daha sonra səfir faşizmə qarşı qəhrəmancasına mübarizə aparan azərbaycanlı hərbçilər və partizan dəstələri barədə qonaqlara məlumat verib. Azərbaycan və Polşanın hərb tarixində mühüm rol oynamış, faşizmlə mübarizədə xidmətləri ilə seçilmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigar barədə danışıb. V.Yadigarın söy-kökü, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa silahlı qüvvələri üçün xidmətlərindən bəhs edib, Varşava üsyanında iştirakını vurğulayıb. Onun “Milli orduda süvarilər” adlı əsərinin 1956-cı ildə Londonda nəşr olunduğu bildirilib. Qonaqların diqqətinə çatdırılıb ki, Argentinaya mühacirət etməyə məcbur qalan polkovnik V.Yadigar 1971-ci ildə Buenos Ayresdə vəfat edib. Buna baxmayaraq, V.Yadigar öz vəsiyyətində azad Polşada dəfn olunmağı arzu etdiyi üçün 1990-cı ildə Polşa dövləti onun nəşini Varşavaya gətirərək “Müsəlman-tatar qəbiristanlığı”nda” dəfn edib.

Mərasim çərçivəsində Vəli bəy Yadigarın məzarına çələng qoyulub, onun ruhuna “Quranı-Kərim”dən ayələr oxunaraq dualar edilib. Anım mərasiminin ardınca “Müsəlman-tatar qəbiristanlığı”nın inzibati binasında ehsan süfrəsi açılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media