logo
Vüqar Kərimov: İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma tədbirlərinin effektivliyinin təmin olunmasında elmi tədqiqatların böyük rolu var

Vüqar Kərimov: İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma tədbirlərinin effektivliyinin təmin olunmasında elmi tədqiqatların böyük rolu var

Vüqar Kərimov: İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma tədbirlərinin effektivliyinin təmin olunmasında elmi tədqiqatların böyük rolu var Vüqar Kərimov: İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma tədbirlərinin effektivliyinin təmin olunmasında elmi tədqiqatların böyük rolu var

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın açılış mərasimində giriş nitqi ilə çıxış edib.

O, əsrarəngiz gözəlliyə, zəngin biomüxtəlifliyə və çox qiymətli təbii sərvətlərə malik olan Azərbaycanın təbiətinin qorunmasının, bu sərvətlərin düzgün istismarının ölkədə prioritet məsələlərdən olduğunu bildirib.

Son 30 ilə yaxın davam edən işğal dövründə meşə sahələrinin, flora və faunanın, o cümlədən təbiət abidələrinin məhv edilməsi, su resurslarının çirkləndirilməsi və təbii sərvətlərin qeyri-qanuni istismar olunması nəticəsində bu ərazilərdə ekoloji tarazlığın pozulduğunu deyən məruzəçi aparılmış monitorinqlərin nəticəsindən bəhs edib:

“54 min hektardan artıq meşə sahəsinin tamamilə məhv edildiyi, 43 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazilərində qiymətli fauna və flora növlərinə ciddi ziyan dəydiyi,  iqtisadi əhəmiyyət kəsb edən 167 faydalı qazıntı yatağın istismar olunduğu müəyyənləşdirilmişdir”.

Nazir müavini dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sənəddə işğaldan azad edilmiş ərazilərə böyük qayıdış və yüksək keyfiyyətli ekoloji mühitin təmin olunmasının yaxın 10 il üçün əsas strateji istiqamətlər kimi göstərildiyini diqqətə çatdırıb.

Eyni zamanda, “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli Sərəncamına əsasən Qoruğun sərhədlərinin dəqiqləşdirilməsi, təbiət obyektlərinin inventarizasiyasının və zəruri infrastrukturun yaradılması tədbirləri barədə məlumat verib.

O, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşrinin hazırlanması çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə elmi-tədqiqat işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Vüqar Kərimov qeyd edib ki, orta və uzunmüddətli perspektivdə meşələrin ekoloji, su qoruyucu, iqlim tənzimləyici xassələrinin bərpa edilməsi və əvvəlki vəziyyətə qaytarılması üçün meşə əkin işləri aparılır. Bu məqsədlə  Cəbrayıl və Zəngilan rayonları ərazisində ümumi sahəsi 100 hektar meşə-parkın salınması işlərinə başlanılıb və ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Nazir müavini Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən də bəhs edib. İki qurum arasında meşələrin inventarlaşması istiqamətində Cəbrayıl şəhərinin yaxınlığında “Qapalı kök sistemli tingliyin” və “Dostluq meşəsi”nin salınması, eləcə də “Regional Meşəçilik Təlim Mərkəzi”nin yaradılması layihələrinin icrası barədə məlumat verib.

Əlavə edib ki, müasir texnologiyaların tətbiq edildiyi “ağıllı” şəhər və kənd konsepsiyasının reallaşdırılması regionun unikal təbiətinin qorunması, insan, təbiət, ətraf mühit arasında təbiət tarazlığını təmin etməklə şəhər mühitində sağlam və keyfiyyətli həyat tərzinin bərqərar edilməsinə səbəb olacaq.

O, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsinin etibarlılığının artırılması, biomüxtəliflik və digər təbii resurslardan, həmçinin mineral xammal ehtiyatlarından səmərəli istifadənin bu ərazilərdə təbiətin dirçəlməsinə gətirib çıxaracağına inandığını söyləyib.

“Həmin ərazilərdə yenidənqurma və bərpa tədbirlərinin effektivliyinin təmin olunmasında elmi tədqiqatların böyük rolu vardır”, -  deyən nazir müavini bu baxımdan görüləcək tədbirlər çərçivəsində akademik sektorla, həmçinin beynəlxalq elmi-tədqiqat institutları ilə əməkdaşlığın son dərəcə vacib olduğunu bildirib:

“Elmi tədqiqatların və araşdırmaların imkanlarından istifadə etməklə regionun təbii sərvətlərinin qiymətləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün potensiallığının dəyərləndirilməsi böyük əhəmiyyət kəsb edir”.

Nitqinin sonunda Vüqar Kərimov konfransda müzakirə olunan məsələlərin regionun ekosisteminin bərpası istiqamətində məqsədyönlü və ardıcıl işlərin aparılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.   

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media