https://innews.media/uploads/news/2025-05/_innews_5a1ff277e8f2488398dc52844_o.jpg
Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Sənəti Festivalı və tədbir çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu keçirilib.
Festival və forum Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşıb.
Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, Qırğızıstan mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova və digər rəsmi şəxslər, eləcə də 40-dan çox ölkədən 200-ə yaxın elm, mədəniyyət və incəsənət xadimi iştirak edib.
Akademik Şahin Mustafayev tədbirdə çıxış edərək forumun tarixi Xarəzm bölgəsində təşkilinin əhəmiyyətinə diqqət çəkib. O, bu bölgənin Türk dünyasının mədəni irsinin qorunub saxlanmasında bir model təşkil etdiyini vurğulayıb.
Şahin Mustafayev türk dövlətlərinin mədəni əməkdaşlığın gücləndirilməsi və türk mədəniyyəti nümunələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində birgə fəaliyyət göstərməli olduğunu deyərək, rəhbərlik etdiyi qurumun türk xalqlarının dili, tarixi və mədəniyyəti ilə bağlı araşdırmalara dəstək verməyə daim hazır olduğunu bildirib.
Beynəlxalq forum zamanı iştirakçılar türk xalqlarının milli kimliyinin mühüm elementi kimi baxşı sənəti ilə bağlı araşdırmalarını təqdim edib, qloballaşma şəraitində mədəni irsin rəqəmsallaşdırılması və qarşılıqlı mədəni əlaqələrə dair aktual məsələləri müzakirə ediblər. Bundan əlavə, müxtəlif seminarlar təşkil olunub, universitetlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin