Mərkəzi Gömrük Hospitalının ən müasir avadanlıqlarla təchiz edilmiş Fizioterapiya şöbəsində yüksəkixtisaslı tibb personalı yeni müalicə metodları ilə prosedurları təqdim edir. Şöbədə sinir sistemi, Parkinson xəstəliyi, üz iflicinin, beyin və onurğa beyni zədələrinin, bel, boyun, çiyin nahiyəsində ağrılar, yırtıq, insult, skolioz, uşaqlarda lordoz, bütün növ əzələ xəstəliklərinin, sümük xəstəliklərinin, nevroloji, yaşa bağlı ortopedik xəstəliklərin müalicəsi uğurla aparılır.
Ölkəmizdə və dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış, fizioterapiya və reabilitasiya ixtisası üzrə rezidentura təhsili almış və sertifikatlaşdırılmış yüksəkixtisaslı həkimləri və tibb personalı tərəfindən ultrasəs, kombinə elektroterapiyası, elektroforez, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, maqnitoterapiya, tibbi masaj, limfodrenaj və zərbə dalğa terapiyası kimi prosedurlar həyata keçirilir.
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində ötən ilin sentyabr ayından etibarən PREMIUM seriyalı yeni BTL-4825 SL cihazları pasiyentlərin istifadəsinə verilib. PREMIUM seriyalı 2 ədəd BTL-4825 SL cihazları ideal parametrlərə malik olub çox perspektivli və innovativ kombinə edilmiş fizioterapiya sistemləridir. Həmin cihazlar cərəyanların geniş spektri ilə iki kanallı elektroterapiyanı, ultrasəs və lazer terapiyasını təmin edir.
Hospitalın Fizioterapiya şöbəsinin rəisi fizioterapevt-reabilitoloq Səidə Kərimova və fizioterapevt-reabilitoloq Afət Çəndirli xəstəliklərə uyğun olaraq müalicə prosedurlarını təyin edirlər. Şöbənin peşəkar tibb personalı xəstələrə fərdi qaydada yanaşır. Onların məqsədi müalicədən sonra xəstəliyin növü və dərəcəsindən asılı olaraq istənilən nəticəni əldə etməkdir.
Müasir dünyada ən çox yayılan xəstəliklərdən biri də onurğa sütununun əyilməsi ilə əlaqədar olan skolioz xəstəliyidir. Xəstəlik həm erkən yaşlarda, həm də oturaq həyat tərzi keçirən gənc və yaşlılarda dayaq-hərəkət sistemində və onurğa sütununda problemlər yaradır. Fizioterapiya şöbəsində skoliozun dərəcəsi imkan verirsə, mümkün qədər əməliyyatsız müalicə edilir. Əsas müalicə üsulu Avropa, ABŞ, İsrail və digər ölkələrdə geniş istifadə olunan, alman mütəxəssisi Katarina Schroth tərəfindən hazırlanan Schroth üsulu ilə müalicədir. Həmin müalicə metodunda 3D idman hərəkətləri və xüsusi tənəffüs texnikasından istifadə edilir.
Müalicədən əvvəl həkimlər hərtərəfli müayinələr aparır, müasir diaqnostik avadanlıqların köməyi ilə pasiyentin xəstəliyinin düzgün diaqnozu və qiymətləndirilməsi qısa bir müddətdə həyata keçirilir. Müalicə prosedurları pasiyentləri ağrılardan xilas etməklə yanaşı, ağrıya səbəb olan amilləri də aradan qaldırır. Cərrahi müdaxilə tələb edən xəstəliklərdə ağrıkəsicilərə ehtiyac azalır, hərəkətlilik artır, terapevtik yaxşılaşma müşahidə olunur, hərəkət pozğunluqları, əzələ və sümük zəifliyi, insultdan sonrakı pozğunluqlar və beyin zədələri fiziki müalicə ilə aradan qaldırılır.
Hospitalın Fizioterapiya şöbəsində aparılan müalicələr klinik protokollara uyğun olaraq kompleks şəkildə və müasir fizioterapiyanın ən yeni metodları vasitəsilə həyata keçirilir.
Fizioterapiya üsullarını tətbiq etməkdə məqsəd xəstələrin patologiyasına əsaslanaraq fiziki potensiallarını aşkara çıxarmaq, inkişaf etdirmək, normallaşdırmada vasitəçi olmaq və maksimum dərəcədə fərdilik qazandıraraq sosial həyata geri qaytarmaqdır.
Həmin üsulla müalicə qan dövranını normallaşdırır, limfodrenaj, sedativ (sakitləşdirici), sinir-əzələ stimullaşdırıcı, iltihab əleyhinə və ağrıkəsici təsir göstərir.
Şöbədə elektroterapiya, ultrasəs, kombinə elektroterapiya, endopress, CPM, elektrostimulyasiya, qısa dalğa, lazer, akapunktur lazer diaqnostikası, traksiya (mexaniki dartma), hot pack, cold pack, maqnitoterapiya, balneoterapiya, hidromasaj, tibbi masaj, manual terapiya, detoksifikasiya, biopunktura, biorezonans və reabilitasiya müalicə metodlarından istifadə edilir.
Dilarə Zamanova
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi
Ən son xəbərləri səhifəmizdən də izləyin