Azərkosmos, Millətlər Birliyi Təşkilatı (The Commonwealth of Nations) ilə əməkdaşlıq çərçivəsində Papua Yeni Qvineyanın meşə monitorinqi proqramını həyata keçirib. Bu layihə, meşə ehtiyatlarının qorunması və ekosistemlərin davamlı inkişafı məqsədilə icra olunub.
Monitorinqin Əsas Nəticələri:
- Layihə nəticəsində ölkə ərazisinin təxminən 79%-ni meşələrin əhatə etdiyi müəyyən edilmişdir.
- Ağac tacının hündürlüyü 25 m. və daha yüksək olan meşə əraziləri ölkə üzrə ümumi meşə sahələrinin 65%-ni təşkil edir.
- Meşələrin mühüm hissəsinin (90.9%) bitki örtüyü sıxdır və biokütlə vəziyyəti yaxşı hesab olunur.
Layihənin nəticələri, ekosistemlərin mühafizəsi üçün sistemli və texnoloji yanaşmaların vacibliyini vurğulayır. Proqram çərçivəsində təqdim olunan ən son həllərdən biri də süni intellekt əsaslı platformanın yaradılmasıdır. Bu platforma, peyk təsvirləri əsasında meşə monitorinqini həyata keçirərək risklərin vaxtında müəyyən edilməsinə imkan yaradacaq. Platforma yaxın aylarda istifadəyə veriləcək.
Qeyd edək ki, bu həftə Millətlər Birliyinin Günü (Commonwealth Day) qeyd olunur, müxtəlif dövlətlərin və millətlərin əməkdaşlığı vasitəsilə daha ədalətli və inkişaf etmiş cəmiyyətlərin qurulmasının vacibliyi bir daha vurğulanır.
Papua Yeni Qvineyanın da unikal meşə ekosistemlərinin qorunması, qlobal miqyasda ekoloji tarazlığın və davamlı inkişafın təmin edilməsi yalnız birgə səylər nəticəsində mümkündür.
Ən son xəbərləri səhifəmizdən də izləyin