Mərkəzi Gömrük Hospitalında mülki müdafiə ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları və həkim-rezidentlər iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən təşkilata üzv olan bütün ölkələrdə mülki müdafiə ilə əlaqədar tədbirlərin keçirilməsi, Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən bu illər ərzində həyata keçirilən tədbirlər, həmin tədbirlərin məqsəd və əhəmiyyəti barədə məlumat verib.
Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev mülki müdafiə işinin daim nəzarətdə saxlanılması, təkmilləşdirilməsi və fövqəladə halların idarə edilməsi mexanizmlərinin gücləndirilməsinin olduqca vacib olduğunu vurğulayıb. O, mülki müdafiənin təşkilində hər bir əməkdaşın rolunu qeyd edib və əməkdaşları tədbirdə aktiv iştirak etməyə çağırıb.
Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədr müavini Asəf Ağayev mütəmadi olaraq əməkdaşlar arasında fövqəladə halların idarə edilməsinə dair təlim prosesini təşkil etdiyi üçün Tibbi Xidmət İdarəsinin rəhbərliyinə təşəkkür edib.
Tədbirdə Mərkəzi Gömrük Hospitalının Texniki təsərrüfat şöbəsinin rəis müavini Pərviz Sadıqov “Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri və Mərkəzi Gömrük Hospitalında həyata keçirilən mülki müdafiə tədbirləri”, Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin baş texniki əmək müfəttişi Yaşar Yusubov “Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və fövqəladə hallarda mülki müdafiənin rolu və vəzifələri” və Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin baş inspektoru Əziz Cəfərov “Fövqəladə hallar zamanı təşkilatlanmış fəaliyyətin əhəmiyyəti və diqqət edilməli vacib məqamlar” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin