https://innews.media/uploads/news/2025-03/_innews_1225a2a9c7d76d32315203740_o.jpg
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ali təhsilin beynəlmiləlləşdirilməsi və akademik əlaqələrin inkişafı istiqamətində Qazaxıstanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığı genişləndirir. 2022-2025-ci illəri əhatə edən tərəfdaşlıq çərçivəsində Qazaxıstandan 52 tələbə və 6 müəllim AzMİU-da təhsil alıb, tədqiqat aparıb və bilik mübadiləsi həyata keçirib. Eyni zamanda, universitetdən 4 tələbə və 6 müəllim Qazaxıstan ali məktəblərinə göndərilib.
Hazırda AzMİU K.İ.Satpayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, L.N.Qumilyov Avrasiya Milli Universiteti, Ahmet Yesevi Türk-Qazax Universiteti, Atırau Universiteti, Qorqud Ata Qızılorda Dövlət Universiteti və Al-Farabi adına Qazax Milli Universiteti ilə tələbə-müəllim mübadiləsi, elmi təcrübə proqramları və birgə tədqiqat layihələri həyata keçirir. Bu əməkdaşlıq memarlıq, inşaat mühəndisliyi, ekologiya, dizayn, su ehtiyatları və sənaye tikintisi sahələrində bilik və təcrübə mübadiləsinə töhfə verir. İştirakçılar xarici dil biliklərini təkmilləşdirərək beynəlxalq akademik mühitdə təcrübə qazanmaq imkanı əldə edirlər.
AzMİU bu əlaqələri Erasmus+ və digər beynəlxalq proqramlar vasitəsilə daha da möhkəmləndirməyi planlaşdırır. Xüsusilə Erasmus+ GEOCOLIC (Sahil ekosistemlərinin iqlim dəyişikliklərinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar) layihəsi çərçivəsində 2020-2024-cü illərdə Al-Farabi adına Qazax Milli Universitetinin koordinatorluğu ilə birgə fəaliyyət həyata keçirilib.
Bu əməkdaşlığın davamı olaraq martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda görüş keçirilib. Tədbirdən sonra AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti, D.Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti və Qaraqanda Sənaye Universiteti ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Rektor ötən il Qazaxıstana səfəri zamanı əldə edilən razılaşmaların əhəmiyyətini vurğulayaraq görüşlərin və imzalanan müqavilələrin akademik əməkdaşlığa verdiyi töhfəni qeyd edib. Bildirib ki, Qazaxıstan universitetinin rektorlarının Azərbaycana səfəri qarşılıqlı tərəfdaşlığı daha da gücləndirəcək.
Məlumat üçün qeyd edək ki, yeni razılaşmalarla birlikdə AzMİU ümumilikdə 10 Qazaxıstan Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
AzMİU gələcəkdə də Qazaxıstan universitetləri ilə əlaqələri genişləndirərək birgə tədqiqatlar və innovativ tədris proqramları vasitəsilə əməkdaşlığını daha da dərinləşdirməyi hədəfləyir.
Ən son xəbərləri səhifəmizdən də izləyin