https://innews.media/uploads/news/2025-02/_innews_e908b1e7e82a05e6afaa10196_o.jpg
19 fevral 2025-ci il tarixində saat 18:30-da Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış
rəssam, heykəltəraş, pedaqoq, qalereyaçı Aydan Salahovanın 2024-cü ildə muzeyə hədiyyə etdiyi
“Boşluq” adlı rəngkarlıq əsərinin təqdimat mərasimi keçiriləcək.
Aydan Salahova 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birinin, "Aydan" rəsm qalereyasının təsisçisidir. A. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır. Daha çox müasir incəsənət sahəsində özünəməxsus yer tutan rəssam 1990 və 2011-ci illərdə Venesiya Biennalesinin iştirakçısı olub. Postsovet məkanında gender rolları və qadınların statusu mövzularına müraciət edən ilk rəssamlardandır. Ənənəvi şərq sənətini yenidən şərh edən rəssamın əsərləri rəngkarlıq və qrafikanın qara-qızıl və mavi palitrası, ornament və siluetə diqqəti, xətlərin dəqiqliyi ilə seçilir.
Görkəmli rəssam Tahir Salahovun qızı Aydan Salahovanın müəllif olduğu əsərlər Boqossian Fondunda (Brüssel ,Belçika), Teutloff Muzeyində (Bielefeld, Almaniya), Fransua Pinault Fondunda ( Venesiya, İtaliya), A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində, Dövlət Tratyakov Qalereyasında, Moskva Müasir İncəsənət Muzeyində, “Yekaterina” Mədəniyyət Fondunda, Aslan Çexoyevin Yeni Muzeyində və digər muzey,qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Təqdimat mərasimində tanınmış ictimai mədəniyyət xadimləri, rəssam və sənət adamları iştirak edəcəklər. Tədbir qarşılıqlı dialoq və sənət diskussiyası formatında keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin