https://innews.media/uploads/news/2025-02/_innews_9d6a887308fecd2dc60f278b7_o.jpg
Bakı Slavyan Universitetində (BSU) 2024/2025-ci tədris ili çərçivəsində təşkil olunacaq istehsalat və tədris təcrübəsinə həsr olunan konfranslar keçirilmişdir. Konfranslarda universitet rəhbərliyi, fakültə dekanları, təcrübə üzrə məsul şəxslər və tələbələr iştirak ediblər.
BSU-nun rektoru Anar Nağıyev çıxış edərək, universitetin 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və ölkənin ali təhsil sistemində mühüm yer tutduğunu vurğulayıb. A.Nağıyev tələbələrə müraciət edərək onların gələcək fəaliyyətlərində ölkənin inkişafına töhfə verməli, peşəkar yanaşmalar nümayiş etdirməli olduqlarını qeyd edib. Rektor çıxışında BSU-nun tələbələrinin həm də universitetin nüfuzunu qoruyan və universitetin dəyərlərini yaşadan əsas qüvvə olduğunu bildirib.
Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin “Mən dünyada müəllimdən yüksək ad tanımıram” fikrini xatırladaraq, tələbələrin bu müqəddəs peşəyə layiq şəkildə yetişmələrinin vacibliyini qeyd edib. Müəllimlik ixtisasları üzrə müxtəlif layihələrin həyata keçirildiyini bildirən rektor ötən il təcrübəyə cəlb olunan bir çox tələbənin elə həmin müəssisələrdə işlə təmin olunduğunu vurğulayıb.
Rektor çıxışında 2025-ci ildə əmək bazarına daxil olacaq məzunların rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrlar kimi yetişməsinin vacibliyini bildirərək, BSU-nun müasir dövrün tələblərinə uyğun yeni yanaşmalar tətbiq etdiyini qeyd edib. A.Nağıyev tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, onların hər zaman universitetin dəstəyinə arxalana biləcəklərini bildirib.
Konfrans çərçivəsində Təcrübə rəhbəri Elnurə Hüseynova təcrübəyə cəlb olunacaq tələbələrin sayı, onların fakültələr üzrə bölgüsü, istehsalat və tədris təcrübəsinin həyata keçiriləcəyi müəssisələr, hesabatların qəbulu və digər təşkilati məsələlər barədə ətraflı məlumat verib. O, təqdimat zamanı istehsalat təcrübəsinə 398 nəfər, tədris təcrübəsinə isə 535 nəfər tələbənin cəlb olunacağını bildirib.
Konfransda çıxış edən Milli Məclisin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə tələbələrin nəzəri biliklərini praktik təcrübə ilə tamamlamalarının onların gələcəkdə yüksək səviyyəli mütəxəssis kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, BSU tələbələrinin bilik və bacarıqlarına olan marağın artdığını, aparıcı müəssisə və təşkilatların universitetə müraciət edərək tələbələri təcrübəyə cəlb etmək istədiklərini bildirib.
Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev və Təhsil fakültəsinin dekanı Sevinc Axundova da çıxış edərək, tələbələrə öz tövsiyələrini verib, təcrübə prosesinin vacibliyi barədə məlumatları bölüşüblər.
Sonda tələbələrin sualları cavablandırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin